Şamaxı Prokurorluğu Arif Alışanov işi üzrə məhkəmədə vətəndaşa uduzdu

14-11-2017, 11:20
  •     
  • Üst Xəbər
    |
  •  Oxunma: 8803


Sahibkar xanımın əmlakının talanmasını istintaq orqanında mülki iş sayırmışlar

AzTV sədri Arif Alışanovun həbs etdirdiyi iş ortağı Şücaət Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova Şamaxı rayon Prokurorluğuna məhkəmədə qalib gəlib. Ədalət belə qərara gəlib ki, rayon prokurorluğunun Sadıqovanın bütün əmlakını rəsmi yollarla yağmalayan Alışanovdan şikayətinə baxmaqdan imtinası qanunsuzdur.
AFN xəbər verir ki, Şamaxı rayon Məhkəməsinin hakimi Etibar Hümbətovun sədrliyi ilə keçirilən qapalı iclasda S.Sadıqovanın Şamaxı rayon prokurorunun “ərizənin qəbulundan imtinanın qanunsuz hesab edilməsinə dair” şikayət ərizəsinə baxılıb. Səlimə xanım rayon prokurorluğunun öz səlahiyyətini yerinə yetirməsi üçün vəkil tutub, məhkəməyə qədər gedib və Cinayət Prosessual Məcəlləsində (CPM) nəzərdə tutulmuş qaydada ona qərarla cavab verilməsinin Şamaxı rayon Prokurorluğunun üzərinə vəzifə qoyulmasını xahiş edib. Məhkəmə də onun iddiasını təmin edib.

4 milyonluq “cek pot”a hesablanmış oyun

S.Sadıqova iddia ərizəsində göstərib ki, keçmiş həyat yoldaşı Şücayət Əkbərova qarşı Cinayət Məcəlləsinin (CM) 29.120.1.2., 29.120.2.5., 29.120.2.6., 29.120.2.7., 29.120.2.10., 178.3.2., 228.3-cü maddələri ilə əsassız və qanunsuz ehtimallara söykənən qərəzli, sifarişli cinayət işi başlanıb və o, təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində istintaq aparılır. Əkbərov 2017-ci il yanvarın 14-də AzTV QSC-nin İdarə Heyətinin sədri Arif Alışanovun birbaşa təşkil etdiyi süni sübutlar əsasında həbs edilərək sadalanan maddələrlə ona ittiham elan edilib. Işin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi Kamal Talıbov aparır. Alışanov həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb. Sadıqova hesab edir ki, keçmiş həyat yoldaşını həbs etdirməkdə AzTV sədrinin məqsədi Ş.Əkbərova olan 860 min manat borcunu qaytarmamaq, eləcə də ondan 1,3 milyon manat dəyərində aldığı torpaq sahəsinin verilməmiş qalan 1,2 milyon manatını ödəməmək, həmçinin ona, eləcə də yaxınlarına məxsus 2 milyon manat dəyərində əmlaklarını əvəzi ödənilmədən ələ keçirmək olub.

Alışanov sahibkarın bütün əmlakını qızı və bacısı qızının adına keçirib

Ş.Əkbərov saxlanıldıqdan dərhal sonra - ibtidai istintaqın elə ilkin mərhələsində söylənən niyyəti həyata keçirmək məqsədi ilə əmlaklarını ehtimal edilən cinayət yolu ilə əldə olunan pulla alıb-almadıqlarını gözləmədən, istintaq və prosessual qaydada sənədləşdirmə aparılmadan, ayrı təsərrüfatda olmalarına, eləcə də təqsirləndirilən şəxslə nikahlarının 3 il əvvəl ləğv edilməsinə baxmayaraq Sadıqova və yaxınlarına məxsus 2 milyon manatdan artıq dəyərdə daşınar-daşınmaz əmlak təkid, məcburetmə, zorakalıq, hədə-qorxu ilə qanuni sahiblərinin əllərindən alınıb. Bunun üçün Alışanov işçısi Camal Nəbiyevin adına etibarnamə aldıraraq, sonradan bu əmlakları əvəzsiz olaraq qızı Nigarın və bacısı qızı Nilufərin mükiyyətinə keçirib.
Məhkəmə materiallarından görünür ki, əvvəlcə Sadıqovanın 2005-ci ildə əldə etdiyi Şamaxı rayonunun Nağaraxana kəndindəki evi zorakılıqla və aldatmaqla A.Alışanovun bacısı qızı Nilufər Cəfərovanın mülkiyyətinə verilib. Bunun üçün də Sadıqovadan C.Nəbiyevin adına etibarnamə alınıb, sonuncu ilə N.Cəfərovanın vəkalətli nümayəndəsi Bəxtiyar Elyasov arasında AN-1 0604751 saylı, 13 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb, beləliklə mülk əvəzsiz olaraq A.Alışanovun bacısı qızına ötürülüb. Rayonun Çuxuryurd kəndində Sadıqovaya məxsus 6,5429 ha torpaq sahəsi də eyni yolla ələ keçirilib. Yenə Sadıqovadan C.Nəbiyevə etibarnamə alınıb və həmin şəxslə Nilufərin adından çıxış edən B.Elyasov arasında sözügedən torpaq sahəsinin alqı-satqısına dair AN-1 0593297 saylı, 17 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanaraq N.Cəfərovaya peşkəş edilib. Daha sonra şəhərin Z.Tağıyev küçəsində Səlimə xanıma aid 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200.6 kv/m. təşkil edən fərdi yaşayış evinə dair C.Nəbiyevin adına etibarnamə götürülüb və təkrar Nilufərin nümayəndəsi Elyasovla aralarında AN-1 0593312 saylı 21 fevral 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısına dair Müqaviə bağlanıb və bu əmlak da əvəzsiz olaraq N.Cəfərovanın mülkiyyətinə verilib.

Həbsdəki şəxsi soymaqdan ötrü notariusu polisə qədər gətirdilər

Bundan başqa, Sadıqovanın dediyinə görə, Şamaxı rayonunun Mədrəsə kəndində yerləşən mülkün sahibi Aysel Şıxıyeva polis idarəsinə aparılıb və təzyiq altında ondan atası Fazilin adına etibarnamə alınıb, sonuncu isə haqqında söhbət gedən mülkü məcburiyyət qarşısında AN-1 0604747 saylı, 8 fevral 2017-ci il tarixli müqavilə ilə A.Alışanovun qızı Nigar Əlişanovanın mülkiyyətinə verib. Eləcə də, Zahirə Hüseynovanın Şamaxının Nağaraxana kəndindəki 5 ha torpaq sahəsi, Müsabi Namazovun rayonun Çuxuryurd kəndindəki ferması və Nağaraxanadakı evi əlindən alınıb. Şücayət Əkbərovun 2017-ci il yanvarın 14-də həbs edilməsinə baxmayaraq saxlanılmasından bir neçə gün sonra Şamaxı rayon Polis Şöbəsinə aparılıb. Oraya notarius gətirilərək, Əkbərovun iddiasına görə təzyiq və təhqir altında C.Nəbiyevin adına etibarnamə yazdırılıb, Çuxuryurd kəndindəki 5,066 ha torpağının satış hüququnu ona veriblər, az sonra həmin torpaq sahəsi və sadalanan bütün əmlaklar AN-1 0604719 saylı 26 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə qarşılıqsız olaraq Alışanovun qızı Nigarın mülkiyyətinə keçirilib.

Dövlət televiziyasının rəhbəri xanımın biznesini iflic edib

Amma AzTV sədri Alışanov əldə etdiyi əmlaklarla kifayətlənməyib, adamları saxlanc yerlərinə qanunsuz daxil olmaqla “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinq müqaviləsi əsasında götürülmüş sahibkar xanımın istifadəsində olan 50 950 manat dəyərində kənd təsərrufatı texnikalarını - AGS165 otbiçən (rotorlu), 5 gövdəli asma təkərl P5 kotan, LKS-FGWS yemqıran, LKS-FS 800 gübrəsəpən,” Lukas” stasionar elektrikli yemqarışdıran, 4 gövdəli təkərli p4 kotan, “Belarus-892” traktoru, eləcə də Aqşin Hüseynovun adına götürdüyü 52 min manat dəyərində HBM-N24 Taxılsəpən-gübrəsəpən, “Belarus-892” traktoru, LKS-MFS1000 Çiləyici-qollu, 4 gövdəli təkərli p4 kotan və stasionar elektrikli yemqarışdıran və digər əmlakları mənimsəyiblər. Talan əmlakın sahibindən xəbərsiz baş tutub, bu zaman yağmalayan tərəf hər hansı sənədləşmə aparmayıb, sadalanan texnikaların götürülməsi üçün xanımın razılığı alınmayıb. Biznes fəaliyyəti ilə məşğuliyyətin qadağan olunmasına baxmayaraq, həmin texnikalar 10 aya yaxındır ki, gənc deputatın (?) şəxsi təsərrüfatlarında istismar edilir. “Aqrolozinq” ASC-dən isə 18 avqust 2017-ci il tarixli Pretenziya göndərilərək, 4455 manat ödəniş Sadıqovadan tələb edilir. Halbuki, bu müddət ərzində Alışanov nəinki sahibini əmlakından məhrum edib, hətta onun qanuni sahibkarlıq fəaliyyətinə son qoyub. Bu müddətdə lizinqlə Sadıqovaya verilmiş kənd təsərrüfatı texnikalarından və təsərrüfatdakı inzibati binalardan, torpaq sahələri, heyvanlar, ev quşları, anbardakı taxılı aparmaqla təsərrüfatı iflic vəziyyətdə qoyub, xanımın qanuni sahibkarlıq fəaliyyətini dayandırıb və nəticədə əldə edəcəyi gəlirlərdən də onu məhrum edib.

Prokurorluq mütəşəkkil cinayəti hansı səbəbdən mülki iş sayıb?

Sadıqovanın fermer təsərrüfatında olan 46 baş iri buynuzlu, 200 baş xırda buynuzlu heyvan, 100-dən çox hinduşka, 300-ə yaxın toyuq-cücə, anbardakı tonlarla taxıl da sənədləşmə aparılmadan talan edilib. Sadıqova istintaq orqanlarını qeyri-obyektivlikdə suçlayır. Deyir, maraqlısı odur ki, prokurorluq orqanları bir quzu oğurlayan sıradan vətəndaşa cinayət işi açır, barəsində həbs qətimkan tədbiri üçün məhkəməyə təqdimat verir, amma bu misalda cinayəti törədən AzTV sədri Arif Alışanov olduğundan həmin cənabın barəsində cinayət işi başlatmır. Əksinə, onun və yaxınlarının əmlaklarını ata-baba malları kimi Alışanovun mülkiyyətinə verirlər. Sadıqova belə hesab edir ki, kriminal yolla onlara külli miqdarda zərər vurulması mülki qaydada deyil, ibtidai istintaq aparılmaqla araşdırılmalıdır. Üç şəxsin də hərəkətlərində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddur.
CM-nin 14.1. maddəsinə görə, cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Eləcə də törədilməsi ehtimal edilən bu cinayətdə iştirakçılıqla baş verən nəticə onların birgə fəaliyyətlərindən doğduğundan, bütün iştirakçıların məsuliyyəti baş verən nəticəyə görə yaranmalıdır. Vurulan zərər ən azı 3 nəfərin qarşılıqlı fəaliyyəti ilə baş tutub və bu adamlar cinayət məsuliyyətinə cəlb olunmalı, fakt üzrə Sadıqova zərərçəkmiş qismində tanınmalıdır. Ondan belə bir etibarnamə alınarkən əmlaklarına olan hüquqlarının ələ keçiriləcəyini ehtimal etməyib. Qarşı tərəf etibarnaməni zorakı yolla əldə etməyib istintaqın nəticəsini gözləməliydi. Lakin, onlar əmlakı əvəzsiz olaraq ələ keçirib, nəticədə Sadıqova və yaxınlarına külli miqdarda zərər dəyib.

Hədə-qorxu ilə tələb etmə, zor göstərmə, əmlakı yağmalama... cinayətdir

Cinayət Məcəlləsinin 6-cı maddəsinə görə, cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Bu əsaslara görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz. Bu normaların şərhinə əsasən törədilən eyni kriminal əmələ görə sıravi vətəndaşların və vəzifəli, habelə xüsusi səlahiyyət üzrə fəaliyyət göstərən şəxslərin arasında fərq qoyulmur, onlar eyni əsaslarla məsuliyyət daşıyırlar.

İstintaqçılar şikayətçini Alışanovun “xətrinə” başlarından ediblər

CPM-nin 87.1. maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. 182.1. maddəsində göstərilən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə kimi halların demək olar ki, hamısı Səlimə xanım və yaxınlarına münasibətdə baş verib. Amma nə sirrdirsə rayon prokurorluğunda bunları cinayət hesab etməyiblər. Ya da cinayət olduğunu bildikləri halda, xanımın dediyi kimi, şikayətin subyekti Alışanov olduğu səbəbindən ərizəçini bu bəhanə ilə başlarından ediblər...

Yazıda qeyd edilənlərlə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq. (xalqxeber.az)

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI