PARADOKS

AKTUAL

“Azəriqaz” rəhbərinə bir gündə iki zərbə

3-07-2018, 09:18
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 10358


Əkbər Hacıyev vurulur – AEMA-nın vitse-prezidentindən ilginc açıqlama; “Məişət qazının tərkibində müvafiq normativ sənədlərin tələblərinə uyğun olmayan, yanmayan qaz qarışıqlarının, eləcə də ağır karbohidrogen qatışıqları var”
Qaz istehsalçısı olan Azərbaycanda əhalinin təbii qazın verilməsindən, həmçinin onun keyfiyyətindən heç də razı olmadığı hamıya məlumdur. Xüsusilə son illərdə getdikcə artan dəm qazı zəhərlənmələri cəmiyyətdə tez-tez əhaliyə verilən qazın tərkibi ilə bağlı şübhələrin yaranmasına səbəb olur.

Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyevin “Xalq qəzeti”ndə dərc olunan “Fövqəladə hallar atlasının hazırlanması günün tələbidir” başlıqlı məqaləsindən aydın olur ki, bu şübhələr heç də əsassız deyilmiş. Alimin yazdığına görə, respublika ərazisində təbii qazın emalı, təchizatı və istehlakı sahəsində bir sıra nöqsan və qanun pozuntuları aşkar edilib: “Aparılan araşdırmalar nəticəsində əhaliyə verilən təbii məişət qazının tərkibində müvafiq normativ sənədlərin tələblərinə uyğun olmayan, yanmayan qaz qarışıqlarının, eləcə də ağır karbohidrogen qatışıqlarının olması, SOCAR-ın tabeliyində olan qurumlara məxsus qazpaylama stansiyalarında təbii qazın təmizlənməsi, tənzimlənməsi və paylanması məqsədi ilə istismarda olan qurğu və avadanlıqların bəzilərinin köhnə olması, müasir tələbələrə cavab verməməsi halları üzə çıxıb. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq, qaz sızması ilə əlaqədar partlayış (yanğın) hadisələrinin, eləcə də çoxsaylı ölümlə nəticələnən dəm qazından zəhərlənmə hallarının baş verməsi hələ də davam etməkdədir”.

“Azəriqaz” rəhbərinə bir gündə iki zərbə

Məqalədə qeyd olunur ki, məsələnin ciddiliyini və aktuallığını nəzərə alaraq, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik məsələlərinin təmin edilməsi, bu sahədə mövcud problemlərin tam həllinə nail olunması məqsədi ilə istehlakçılara müvafiq standartların tələblərinə uyğun təbii qazın verilməsi, təbii qazın tərkibinin insan həyatı üçün təhlükəli olan qarışıqlardan təmizlənməsi üçün respublikaya müasir modul qaz təmizləyici stansiyaların (qurğuların) gətirilməsi və ilkin olaraq ən vacib sahələrdə (neft-qazçıxarma idarələrində) quraşdırılması vacibdir. Bundan əlavə, təbii qazın hasilatı və paylanması ilə məşğul olan təsərrüfatların istismara yararlı olan və yeni texnologiyalar əsasında keyfiyyətə təminat verən, tam avtomatlaşdırılmış qurğu və avadanlıqlarla əvəz edilməsi, ölkəyə gətirilən qaz cihazlarının keyfiyyətinə və istismar qaydalarına nəzarətin gücləndirilməsi lazımdır.

“Azəriqaz” rəhbərinə bir gündə iki zərbə

“Azəriqaz” xidmətindən, istehlakçılara verdiyi qazın keyfiyyətsizliyindən narazı təbəqələrdən biri də sahibkarlardır. Dünən onlardan bir qrupunun təmsilçisi, Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev də qaz təchizatındakı problemləri dilə gətirib: “Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyası SOCAR-ın ”Azəriqaz" İstehsalat Birliyinin göstərdiyi xidmətdən və verilən təbii qazın keyfiyyətindən narazıdır".

Bakıda keçirilən “Kənd təsərrüfatı inkişafının müasir tendensiyası” adlı tədbirdə çıxış edən B.Quliyev bildirib ki, bu gün meyvə-tərəvəz istehsalçılarının və ixracatçılarının əsas işi təbii qazdan asılıdır: “Ancaq buna baxmayaraq, məhsullarımızın maya dəyərinin böyük bir hissəsi qaza görə ödənişlə bağlıdır . ”Azəriqaz"ın xidməti və verilən keyfiyyət isə bizi qane etmir".

“Azəriqaz” rəhbərinə bir gündə iki zərbə

Assosiasiya rəhbəri deyib ki, bu ilin oktyabr ayında yeni isitmə mövsümü başlayacaq: “Təklif edirəm ki, o vaxta qədər bu məsələlər assosiasiya tərəfindən müzakirə edilsin. İnanıram ki, o vaxta qədər Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının növbəti iclası keçiriləcək. Biz ”Azəriqaz"a və SOCAR-a qazın maya dəyərinin aşağı salınması və keyfiyyətinin artırılması ilə bağlı öz təkliflərimizi verək. Əgər bütün bunlar edilsə, Azərbaycanın meyvə-tərəvəz istehsalı və ixracı daha da artacaq və istehsalın maya dəyəri də ucuzlaşar" (APA).

Eyni gündə iki tribunadan “Azəriqaz”la bağlı ciddi tənqidlərin dilə gətirilməsi bu qurumun rəhbəri Əkbər Hacıyevin vurulması prosesinin başlanması kimi qiymətləndirilə bilər. Məsələ burasındadır ki, hazırda yaydır - nə dəm qazı zəhərlənmələrinin, nə də istixanaların mövsümü deyil. Buna görə də AMEA rəsmisinin, həmçinin assosiasiya rəhbərinin açıq mətnlə qaz təchizatı şəbəkəsindəki problemləri məhz indi qabartması heç də təsadüfə bənzəmir. Nəzərə alsaq ki, İ.Quliyevin məqaləsi hakimiyyətin əsas media orqanı olan “Xalq qəzeti”ndə dərc olunub, onda “Azəriqaz” rəhbərindən narazılığın hakimiyyətin yüksək pillələrindən qaynaqlandığını söyləmək olar.

Onu da qeyd edək ki, son vaxtlar “Azəriqaz”ın fəaliyyətindəki nöqsanlarla bağlı sosial şəbəkələrdə çoxsaylı faktlar açıqlanır. Müxtəlif rayonlarda sayğac sahiblərinə əsassız aktların tərtib olunması, istehlakçıların qanunsuz şəkildə iri məbləğdə cərimə edilməsinə dair sənədlər ictimailəşdirilir. Görünür, Ə.Hacıyevin gözdən düşməsində bu faktorların da rolu olub. Hər halda, sosial şəbəkələrdəki narazılıqlar heç də nəticəsiz qalmır./musavat.com

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI