PARADOKS

AKTUAL

Əli Həsənovun Sumqayıtdakı bazarı söküldü

3-10-2018, 10:33
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 10292


Baş nazirin müavini Əli Həsənov Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri postundan məhrum ediləndə, onun itkilərinin bununla bitməyəcəyi qeyd olunurdu

O zaman vurğulanırdı ki, keçmiş komitə sədri və onun yaxınları Sumqayıt şəhərindəki bəzi obyektlərini də itirə bilərlər.

Etibarlı mənbə də Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcovun artıq bu istiqamətdə ilk addım atdığnı vurğulayırdı.

Mənbə iddia edirdi ki, icra başçısı şəhərdə əşya bazarına yaxın ərazidəki “mal bazarı”nın tezliklə sökülməsinə göstəriş verib.

Reyting.az-ın əldə etdiyi məlumata görə, həmin bazar artıq sökülüb və ərazi hasara alınıb. Bu prosesin icra başçısı Zakir Fərəcovun birbaşa göstərişi ilə edildiyi şübhəsizdir.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi yaxınlarda Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda mərkəziləşmiş heyvan kəsimi məntəqələrinin ünvanlarını açıqlayıb. Sumqayıtdakı həmin ünvanlardan biri də ”Mərcan” heyvan kəsim məntəqəsi idi. Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşirdi.

Göründüyü kimi, Qida Təhlükəsizliyi Agentliyinin heyvan kəsimi məntəqəsi olaraq razılıq verdiyi ərazini Zakir Fərəcovun “qara ərazisi”nə düşməkdən xilas etmək mümkün olmayıb.

Mənbə qeyd edir ki, Əli Həsənov və onun Sumqayıtdakı adamları adıçəkilən heyvan kəsimi məntəqəsinin sökülməməsi üçün icra başçısını heç bir vasitə ilə fikrindən daşındıra bilməyiblər.

Bir neçə gün əvvəl sökülən heyvan kəsimi məntəqəsinin ərazisində icra başçısı Zakir Fərəcovun göstərişi ilə park salınacağı bildirilir.

İcra başçısının baş nazir müavinin yaxınlarının Sumqayıtda, əgər belə demək mümkünsə, at oynatmaq niyyətlərinə son qoymaq istəyi səbəbsiz deyil.

Əli Həsənovun nəvəsi Bakıda ölümlə nəticələnən ağır yol qəzası törədəndə, yadınızdadırsa, bir məsələ də gündəmə gəlmişdi. Bu, baş nazirin müavininin ən yaxın adamının Sumqayıtın 6-cı məhəlləsindəki “Bələdiyyə parkı”nın beş addımlığında tikilən restoranı ilə bağlı idi. Həmin ərazidəki ağaclar kəsilərək ikimərtəbəli “Böyük Mərcanlı” restoranı tikilirdi.

Əli Həsənov o zaman bu yazıların sifarişli olduğunu iddia edir, ona qarşı hakimiyyətdə kiminsə qərəzli münasibətdindən gileylənirdi.

Lakin təkzibedilməz fakt bu idi ki, həmin restoranı Əli Həsənovun daxili işlər orqanlarında işləyən oğlu Emin Həsənov tikdirirdi və ərazidə xeyli ağac kəsilmişdi.

Mətbuatdakı yazılardan sonra, prezident seçkiləri ərəfəsi tikinti dayandırılmışdı, ərazidə guya səliqə-sahman da yaradılmışdı.

Seçkilərdən sonra restoranın tikintisi yenidən davam etdirilirdi. Bu səbəbdən iddia edilirdi ki, Sumqayıt bələdiyyəsinin rəhbərliyi bələdiyyə parkının yanında Əli Həsənovun oğlunun restoran tikdirməsinin qarşısını ala bilməyib.

Halbuki bu dərəbəyliyə ilk növbədə Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin rəhbəri olan Əli Həsənovun qardaşı İlyas Həsənov son qoymalı idi. Lakin İlyas Həsənov ərazidə onlarla ağacın kəsilməsinə reaksiya belə verməmişdi.

İcra başçısı Zakir Fərəcovun müdaxiləsi belə “Böyük Mərcanlı” restoranının tikintisi üçün ətrafdakı ağacların kəsilməsini dayandıra bilməmişdi. Yeri gəlmişkən, o zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də əraziyə baxış keçirmişdi. Amma nazirlik də onlarla ağacın kəsilməsi ilə bağlı ciddi tədbir görə bilməmişdi.

Son məlumata görə, “Böyük Mərcanlı” restoranının istifadəyə verilməsi üçün son tamamlama işləri görülür.

Əli Həsənovun qohum-əqrabalarının Sumqayıtdakı digər obyektlərinə gəldikdə, 10-cu mikrorayondakı “Ləman” uşaq bağçası, 2-ci mikrorayondakı “Mərcan” kafesidir. Bundan əlavə, baş nazirin müavininin Novxanıdakı “Dalğa” marketin arxasında böyük bağ sahəsi də var.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI