PARADOKS

AKTUAL

Milyonlar xərcləyib canını həbsdən qurtaran Əli Abbasovun “qurbanları” artır

9-10-2018, 12:30
  •     
  • Üst Xəbər |
  •  Oxunma: 10139


Eks-rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov canını həbsdən qurtarıb özünə yeni kreslo tapa bildi. Amma onun keçmiş işçilərinin taleyi heç də sabiq nazirinki kimi yaxşı olmadı

Əli Abbasovun işçilərinin bəziləri həbsdədir, bəzilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir, bəziləri isə uzun illər çalışdıqları rabitə sahəsindən qovulublar.

Azərbaycanda baş tutan ən səs-küylü məhkəmə işlərindən biri olan “Rabitə işi” yekunlaşana qədər hər kəs Əli Abbasov barəsində veriləcək qərarı maraqla gözləyirdi. Ona görə ki, həm cinayət işi materiallarında, həm də sabiq nazirin həbs edilən işçilərinin dediklərindən məlum olurdu ki, Əli Abbasov heç də azadlıqda qalmağı haqq etmirmiş. Çünki həbs edilən rabitə işçilərinə qarşı elan olunmuş ittihamlar onu deməyə əsas verirdi ki, Əli Abbasov baş verənlərdən xəbərsiz olmayıb.

Xatırladaq ki, həmin məhkəmə prosesləri, cinayət işi materiallarında yer alan faktlar “Yeni Müsavat” qəzetində də geniş şəkildə çap edilmişdi.

Həmin məlumatlardan aydın olurdu ki, dövlət büdcəsindən ayrılmış milyonların oğurlanması Əli Abbasovun rəhbərliyi altında həyata keçirilib. Bunu nazirliyin Aparat rəhbəri olmuş, daha sonra həbs edilmiş Vidadi Zeynalov dəfələrlə məhkəmə iclaslarında açıqlamışdı.

Həmçinin bu iş üzrə həbs edilən 11 nəfərin əksəriyyəti onlara qarşı elan olunmuş ittihamların niyə Əli Abbasovdan yan keçdiyinə etiraz edir, haqlı olaraq da dilə gətirirdilər. Axı, necə mümkün ola bilərdi ki, 100 milyon manata yaxın dövlət əmlakının mənimsənilməsindən Əli Abbasov xəbərsiz olsun? Əgər işçiləri Əli Abbasovdan xəbərsiz bu əməlləri törətmişdilərsə, belə olan halda da sabiq nazir də məsuliyyət daşımalı idi…

Lakin Əli Abbasov “ağıllı” tərpəndi. Bütün günahı “kassiri” olmuş Vidadi Zeynalovun boynuna “yükləyə” bildi.

Daha sonra Əli Abbasov adının hallanmaması üçün müəyyən yollara əl atmağa başladı. Məhkəmə iclaslarında onun adını çəkən işçilərinin dövlətə vurduğu zərərləri ödəməyi də öz öhdəsinə götürdü.

Növbəti yazılarımızda Əli Abbasovun “Rabitə işi”ndə niyə həbs edilməməsinin səbəbləri, özünü məsuliyyətdən kənara qoyan cəhdləri barədə daha ətraflı yazacağıq.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri olan Əli Abbasovun adını son günlər mətbuatın gündəminə daha bir məhkəmə işi gətirdi.

Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev də digər rabitəçilər kimi eyni ittihamlarla hakim qarşısına çıxarılır.

Şahin Tağıyev dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. İttihamda göstərilir ki, o, rəhbəri olduğu qovşaqda görülən işlərin şişirdilməsi ilə əldə edilən məbləği Əli Abbasovun rəhbəri olduğu nazirliyə göndərib.

Məlum olub ki, hazırda ev dustaqlığında olan Ş.Tağıyevin 300 minlik villasına da həbs qoyulub.İstintaq belə qənaətə gəlib ki, Şahin Tağıyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 1 milyondan artıq məbləği mənimsəyib. Həmin məbləğin 10 faizini - 168 min manatını şəxsən mənimsəməkdə günahlandırılan Ş.Tağıyev həmin məbləği ələ keçirmədiyini deyir. Amma həbs edilməmək üçün pulu ödəyib.
Məlumata görə, Ş.Tağıyevdən başqa daha bir neçə rabitəçi ayrı-ayrı rayon məhkəmələrində hakim qarşısına çıxarılır. Onlar barəsində də eyni ittihamlar irəli sürülüb.

Mövzunu davam etdirəcəyik.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.

M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevlərin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apelyasiya Məhkəməsi Vidadi Zeynalovun cəzasını 4 ilə, Beytulla Hüseynovun cəzasını isə 7 il 6 aya endirib./musavat.com

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI