. Xaçmaz regional qaz idarəsinin “miqrantları”

7-01-2017, 19:18
  •     
  • Aktual |
  •  Oxunma: 234

yüklənir...

.
Yazının sərlövhəsinə baxanlar birdən elə fikirləşərlər ki, SOCAR xaricdən işçilər yığıb. Belə deyil. Bu yazını yazmağım da səbəbsiz olmadı.

Bir gün adıçəkilən idarənin qarşısından keçərkən çoxlu adam yığışdığını gördüm. Qocası da vardı, cavanı da. Əvvəl belə zənn etdim ki, yəqin şikayətçilərdir, ya da idarənin işçiləri nədənsə əsəbiləşib aksiya keçirirlər. Amma heç biri deyilmiş. Sən demə, bu şəxslər bir illik müqavilə ilə işləməyə gələn yerli sakinlərdir. Onlarasa idarədə “miqrantlar” deyirlər. Bunun tarixçəsi ilə maraqlandım. Sən demə, SOCAR respublikada işsizlik probleminin aradan qaldırılmasının yeni metodunu kəşf edib. SOCAR-ın insan resursları mərkəzi rayonlardakı işsizləri bir illik müqavilə ilə heç bir ehtiyac olmadan dürtüşdürüb yerlərdəki qaz idarələrinə. Məsələn, Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Xaçmaz Xidmət Sahəsində ötən il 200 nəfər belə şəxs işə cəlb olunub. Sonradan onların otuz nəfərini ixtisar ediblər. Bu il isə daha otuz nəfəri müqavilə ilə işə götürüblər. Bölgənin digər rayonlarının xidmət sahələrində də vəziyyət belədir.
Düzü, mən heç kəsin çörəyinə bais olmaq istəmirəm və bu fikirdən çox uzağam. Bilirəm ki, işsizlik nə deməkdir. Zarafat deyil, bu adamların hərəsi ayda 250 manat maaş alır. Amma niyə alırlar, bunun səbəbini onları işə götürənlərin yəqin heç özləri də bilmirlər. Deyilənə görə, bəzilərinin adı işdə gedir, amma özləri taksi sürürlər, alver edirlər və s. Maaş alanda yəqin ki, işə getmədikləri nəzərə alınır... SOCAR-ınsa büdcəsindən işsizliyin aradan qaldırılması adı ilə külli miqadarda pul silinir. Yaxşı, bu qədər işçi varsa niyə bölgə rayonlarında yaşayış məntəqələrinə verilən təbii qaz problemi həll edilib qurtarmır? Xaçmazda isə qaz problemi elə həll olunub ki, yeni salınmış Palıdlı kəndinin sakinləri dövlət tərəfindən evlərində quraşdırılmış kombilərə nifrət edirlər. Bir çoxu qayıdıb dədə-baba üsuluna- yəni odun sobalarına. Mən hələ onu demirəm ki, Xaçmazda qaz verilişində “komendant saatı” tətbiq olunub. Bəlli olmayan səbəblərə görə, axşam saat 11-də mənzillərə verilən təbii qaz mütləq azaldılır. Niyəsini bilmirəm. Təkcə onu deyə bilərəm ki, saat 11-dən sonra evlərdə hamamlar işləmir, çay qaynatmaq müşkülə dönür, yalnız kombilər güclə nərildəyir. Bəzən isə heç işləmir də. 104-də də zəng etməyə peşman olursan. Elə əcaib cavablar verirlər ki, deməyə söz tapmırsan. Bir baxanda onları da qınamalı deyil. 70-ci ilin sonunda çəkilən qaz boruları elə günə düşüb ki, hərdən havadan da təbii qaz iyi gəlir. Onları dəyişmək isə heç kəsin yadına düşmür. Bir də onu deyə bilərəm ki, adamlar şikayət etmək əvəzinə, Leonid Brejnevin ruhuna dua oxuyurlar. Heç olmasa bu borular da olsa var deyirlər.
Amma mənim mövzum təkcə bu deyildi. Bir müddətdir ki, Xaçmaz Regional Qaz İstismarı İdarəsi fəaliyyət göstərir. Sayını dəqiq bilmirəm, deyilənə görə burada yüzə yaxın işçi çalışır. SOCAR da keçmiş hərbiçi, MTN-çi, təqaüddə olan polisləri növbə ilə göndərir regional idarələrə və sahələrə rəis. Sanki bu kişilər rayonlarda təbii qazın verilməsinə yox, əməliyyat şəraitinə nəzarət etməyə gəliblər. Elə bil ölkədə mütəxəsis qıtlığıdır. Bu məsələnin bir tərəfi. Həmin idarədən başqa onun tabeliyində olan Xaçmaz xidmət sahəsi də var. Burada da xeyli adam işləyir. Üstəgəl yüzlərlə “miqrant”. Xaçmazda SOCAR-ın tabeliyində olan “Təmiz Qaz” MMC də var. Bunun da işi-gücü qaz sızmasını aşkarlayıb təmir etdirmək və borulara cürbəcür rənglər sürtməkdir. Hələ mən podratçı təşkilatları demirəm. Çünki sayları məlum deyil. İndi təsəvvür edin ki, bu qədər idarəsi olan SOCAR əhalini təbii qazla lazımi səviyyədə təmin edə bilmir. Doğrudur, mənə irad tuta bilərlər ki, arada heç kəsə gərək olmayan “Azəriqaz” İstehsalat Birliyi də var. O birlik ki, olmağındansa olmamağı yaxşıdır. Amma ən yaxın keçmişdə belə deyildi. Rayonda cəmi bir qaz istismarı və satışı idarəsi vardı və bütün problemləri də həll edirdi. Belə olan halda regional idarəyə nə ehtiyac var? Dövlətin külli miqdarda pulunu boş yerə xərcləmək nə qədər düzgündür? Olmazmı ki, elə rayonda bir idarə olsun, lazımi texnika və işçi qüvvəsi ilə təmin olunaraq fəaliyyət göstərsin. Hələ bir ciddi məsələ də var. Əgər bir vətəndaş qışın oğlan çağında təzə mənzilinə təbii qaz çəkdirmək istəyirsə başına min bəla gəlir. Əvvəl rüsum köçürür, sonra sənədləri verir podratçıya. Podratçı isə sənədləri Bakıda bir-iki idarədə imzalatdırıb ötürür layihə institutuna. Bu proses nə az, nə çox bir aydan çox vaxt aparır. Hələ onu demirik ki, vətəndaşların sənədləri Bakıdan qayıdandan sonra deyirlər ki, bəs sayğac yoxdur, gözləyin. Beləliklə də vətəndaş evinə təbii qaz çəkilənədək “buz adama” dönür. İnsanı dəhşət bürüyür. Bu süründürməçilik və bürokratiyanı kim yaradıb? Axı bir neçə il öncə bu məsələni elə rayondakı qaz istismarı idarəsi həll edirdi.
Başqa bir problem. SOCAR “miqrant” adlandırdıqları insanlara qeyd etdiyimiz kimi hər ay külli miqdarda maaş verir. Olmazmı ki, bu pullar investisiya şəklində başqa sahələrə, xüsusilə, kənd təsərrüfatına yönəldilsin? Qoy yeni iş yerləri açılsın və insanlar rahat şəkildə pul qazansınlar, əmək kitabçaları alsınlar. Daha müqavilə ilə başlarını qatıb stajsız qalmasınlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər üç aydan bir bu nazirləri, komitə sədrlərini, xidmət və şirkət rəhbərlərini yığıb onlardan hesabat tələb edir. Hər dəfə də deyir ki, əyalətlərdə yeni iş yerləri açın, vətəndaşların problemlərinə həssaslıqla yanaşın, işsizliyi aradan qaldırmaq üçün əməli tədbirlər görün, müxtəlif sahələrə investisiya cəlb edin. Bunların bəziləri isə düşünülmüş və planlı iş görməkdənsə, hərə öz metoduna əl atır və nəticədə yazdığımız mənzərə alınır.
Bu problemlərin həlli barədə düşünərkən yadıma bir lətifə düşdü. Kəndlərin birində oğlan çıxır evin damına və özünü yerə atmaq istəyir. Camaat yığışıb nə qədər yalvar-yaxar edirsə bu adam inadından dönmür. Naçar qalan camaat kənd ağsaqqalını məsləhətə çağırır. O da uzun-uzadı fikirləşib deyir ki, damdakı oğlana kəndir verin bağlasın belinə, sonra onu dartın aşağı. Camaat da onun dediyini edir. Oğlanı dartırlar aşağı və o ölür. Ağsaqqalsa başlayır ağlamağa. Camaat soruşandaki niyə ağlayırsan, belə cavab verir: “Görəsən mən olmayandan sonra sizə belə ağıllı məsləhətləri kim verəcək?”
Mətləbdən uzaq düşdüm. Bu lətifənin isə SOCAR-ın ağsaqqalı Rövnəq Abdullayevə aidiyyatı yoxdur...

XeberBiz.az “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyein yazısını təqdim etdi.



yüklənir...

Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI