Şərifov – Hacıyev rəqabətinin arxa planı: Beynəlxalq Bankda nələr baş verir?

28-12-2016, 22:00
  •     
  • Manşet
    |
  •  Oxunma: 218


Şərifov – Hacıyev rəqabətinin arxa planı:Artıq 2 ilə yaxındır ki, Beynəlxalq Bank ətrafında baş verənlər gündəmin əsas mövzusuna çevrilib. Bir zamanlar Qafqazın ən böyük bankı kimi tanınan, dünya bank bazarındakı texniki yenilikləri ilk dəfə Azərbaycana gətirən, bank xidmətləri bazarının yarıdan çoxunu idarə edən, beynəlxalq reytinq agentliklərinin Azərbaycanın suverenliyinə bərabər tutduğu bu bankın indiki durumu ürək ağrıdır.

Məlum olduğu kimi, bu 2 ildə ölkənin bütün iqtisadi problemlərinin əsas baiskarı kimi Beynəlxalq Bankın fəaliyyəti göstərilib, bankın rəhbəri və onun ətrafı həbsə atılıb.


C. Hacıyevin yerinə təyin olunan yeni sədr belə əyləşdiyi kürsüsündə çox duruş gətirə bilməyib. Maliyyə naziri Samir Şərifovla Cahangir Hacıyevin bir-birinə qarşı ittihamları ölkə gündəmini silkələyib və s.
Beynəlxalq Bank ətrafında baş verənləri daha çox sadalamaq olar. Məqsədimiz isə bu zamana qədər deyilənləri təkrarlamaq yox, bankın indiki hala gətirilməsinin alt qatlarına nəzər salmaqdır.

XeberBiz.az bildirir ki, Strateq.az-ın əldə etdiyi məlumatlar indiyədək mətbuatda işıqlandırılmayan bir çox mətləblərə aydınlıq gətirir.

Məlumatda əsasən, maliyyə naziri Samir Şərifovla Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev arasındakı rəqabətin köklərinə, tarixinə işıq tutulur. Həmçinin maliyyə naziri Samir Şərifovun yüksəlişinin səbəbləri də əldə etdiyimiz məlumatda öz əksini tapıb.
İstərsəniz gəlin, uzun-uzadı təqdimata gərək olmadan mətləbə keçək.

Samir Şərifov necə nazir odu?

Bildirildiyinə görə, Samir Şərifovun bu yüksəlişi 1990-cı illərə təsadüf edir:

“1995- ci ildə Azərbaycan Respublikası Milli Bankında departament direktoru təyin edilib. Daha sonra baş direktor vəzifəsini icra edən Samir Şərifov 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsinə gətirilib. Bu vəzifəsində 5 il işləyən S. Şərifov 2006-cı ildən isə indiki postuna- maliyə naziri vəzifəsinə layiq görülüb”.

Sual oluna bilər:

1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin məzunu olan Samir Şərifov öz ixtisası olmayan maliyyə sahəsində ən yüksək zirvəyə necə çıxa bilib?


Məlumatda bu mətləbə belə aydınlıq gətirilir:

“90- cı illərdə indiki maliyə naziri Samir Şərifov Mərkəzi Bankın valyuta şöbəsinin rəisi təyin olunub. Həmin vaxt ölkədə yenicə özəl banklar yaranırdı və bu trend birbaşa Samir Şərifovun rəhbərlik etdiyi sahəyə aid idi. Heç bir özəl kapitala malik olmayan Samir Şərifov da əlindəki bu fürsətdən faydalanmağa çalışırdı. S. Şərifov atası bir zamanlar Əmanət Bankının sədri olduğuna görə kifayət qədər imkanları ilə seçilən Elmar Məmmədovu yanına çağıraraq ona dövlət orqanlarında himayəsini boynuna götürməklə şərikli bank açmağı təklif edir və sövdələşmə baş tutur. Açılan yeni bankın rəhbərliyinə isə Samir Şərifovla birgə Xarici İşlər Nazirliyində işləmiş, sonradan dələduzluğa görə ölkədən qaçan Rövşən Rəsulov təyin olunur. Bu şərikli bank sonralar Kapital Bankın Səbail filialının müdiri Bəşər Hacıyevlə büdcə pullarının müxtəlif sxemlərlə nəqdləşdirilməsi əməliyyatlarında iştirak etdiyinə görə bağlanır. Bəşər Haciyev isə həbs olunur”.
Beləcə, diplomatiyadan bank sisteminə transfer edən Samir Şərifovun bu sahədə ilk uğurları başlayır. Məlumatın analizindən belə çıxır ki, nazirin qazandığı bütün uğurlarda birgə özəl bank qurduğu Elmar Məmmədovun imkanlarının da ciddi rolu olub. Bu birgə fəaliyyət Elmar Məmmədovu daha imkanlı hala gətirdiyi kimi, Samir Şərifovu da ucaldıb.
Məlumatda qeyd olunur ki, Samir Şərifov Mərkəzi Bankda işlədiyi zamanlar əldə etdiyi uğuru Beynəlxalq Bankla davam etdirmək istəyir.

Lakin bu məqsədinə çata bilmir:

“Həmin illərdə bankın sədri vəzifəsinə Samir Şərifovun Mərkəzi Bankda rəhbəri olmuş Fuad Axundov təyin olunur. Fuad Axıundov isə Samir Şərifovu yox, Cahangir Hacıyevi kredit komitəsinin sədri vəzifəsinə gətirir. Daha sonra Cahangir Hacıyevi hansısa səbəbdən vəzifəsindən uzaqlaşdırmaq istəyən Fuad Axundovun özü kürsüsünü tərk etmək məcburiyyətində qalır. Həmin kürsüdə oturan isə Cahangir Haciyev olur”.
Bununla da əzəli rəqabət qızışır.

Məlumata görə, kifayət qədər xarizmatik xarakterə və şəxsi əlaqələrə malik olan Cahangir Hacıyevin bu “at gedişi” Samir Şərifova Beynəlxalq Bankla bağlı arzularını reallaşdırmağa imkan vermir:
“Beləliklə də onda Cahangir Hacıyevə qarşı daxili qısqanclıq yaranır. Sonralar vəzifə pillələrində irəliləyən Samir Şərifov maliyyə naziri kimi Cahangir Hacıyevin sədri olduğu bankın Müşahidə Şurasına rəhbərlik edir. Qazandığı bu fürsət əzəli rəqabət şəraitində nazirin əlini gücləndirir və o, Cahangir Hacıyevi vəzifəsindən uzaqlaşdırıb, yerinə illər öncə aralarında dostluq əlaqəsi yaranmış Elmar Məmmədovu təyin etmək istəsə də, uzun illər istəyinə nail ola bilmir. Buna Beynəlxalq Bankın həmin illərdə artan reytinqi, Cahangir Hacıyevin malik olduğu münasibətlərə sədaqəti, şəxsi əlaqələri və hörməti imkan vermir”.
Getdikcə ölkə rəhbərliyinin nəzdində nüfuzunu artıran Cahangir Hacıyevin Baş nazir postuna təyin olunması ehtimalı naziri daha çox narahat etməyə başlayır.

Məlumata görə, bu barədə yayılan söz-söhbətlər Samir Şərifovu “sürətli addımlar”atmağa vadar edir:

“Cahangir Hacıyevin bu uğurlarının qarşısının alınmasının yeganə yolu isə işinin öhdəsindən gələ bilməməsi barədə qənaətin formalaşdırılması, yaratdığı “problem”lərin qabardılması, beləliklə də ölkə rəhbərliyinin yanında nüfuzdan salınması ola bilərdi. 2008-ci ildə başlayan qlobal böhran, dünyadakı bir çox bankların çökməsi S. Şərifovun işinə yarayırdı. Cahangir Hacıyevə qarşı ilk hücumlar da bu zaman özünü göstərirdi.
Əslində isə Beynəlxalq Banka Müşahidə Şurasının sədri kimi maliyyə nazirinin özü birbaşa rəhbərlik edirdi. Ən yüksək səlahiyyətli birinin bankdakı problemlərlə bağlı özündən aşağı vəzifə tutmuşları günahlandırması absurd idi. Buna baxmayaraq, uzun illərdən bəri davam edən “qara piar” nəticə verdi. Ötən ilin ilk aylarında Cahangir Hacıyev Beynəlxalq Bankın sədrliyindən uzaqlaşdırıldı, daha sonra isə həbs olundu”.
Maraqlıdır ki, mənbəmizin Cahangir Hacıyevin nüfuzdan salınmasının tarixi kimi göstərdiyi 2008-ci il qlobal böhrandan sonra Samir Şərifova yaxın bir şəxsin ulduzunun parlaması müşahidə edilir. Söhbət indiki maliyyə naziri ilə müştərək bank açan Elmar Məmmədovdan gedir.
Məlumata görə, Elmar Məmmədov 2009- cu ildən 2013- cü ilə qədər “Kapitalbank”a, 2014- 2015-ci illərdə “Azərtürkbank”a, nəhayət, Cahangir Hacıyev həbsə atılıb tam zərərsizləşdiriləndən sonra, yəni 2015-ci ildən 2016-cı ilin son aylarına qədər Beynəlxalq Banka rəhbərlik edir. İnformasiya mənbəyimiz maliyyə naziri

Samir Şərifovun sayəsində 2008-ci ildən parlamağa başlayan yeni bank ulduzunun Beynəlxalq Banka gətiriləndən sonra birdən-birə sönməsinin səbəblərinə də aydınlıq gətirir:

“Daim öz maddi imkanları, yuxarı vəzifələrdəki yaxınları, onlara verdiyi 100 minlərlə dollarlıq saat hədiyyələri ilə hər kəsin yanında öyünən, intiriqaçı, anormal həyat tərzi ilə gündəmə gələn, insanları özündən asılı vəziyyətdə saxlamaqdan həzz alan bu şəxsin ölkənin ən böyük bankına sədr təyin olunması onu ölkə rəhbərliyinə təqdim edənlərə baş ucalığı gətirmirdi. Hələ “Kapitalbank”da işlədiyi dövrlərdə yaratdığı problemlər, itkilər, sovet dövrü əmanətlərinin qaytarılmasındakı maxinasiyalar onun son vəzifəsinə təyinatını mümkünsüz etməliydi. Beynəlxalq Banka təyinatından sonra illərlə yaradılmış menecmenti dağıdaraq, yalnız şəxsi yaxınlıq prinsipləri ilə savadsız adamları işə götürməklə bu qurumu düşdüyü ağır vəziyyətdən çıxarmaq olmazdı. Əslində Elmar Məmmədovun belə bir dərdi də yox idi. Onun əsas məqsədi illərlə arzuladığı vəzifəyə təyin olunmaq, Cahangir Hacıyevin ətrafını vurmaq üçün əlindən gələni etmək və Azərbaycanın bank bazarını tamamilə öz əlinə keçirmək idi”.
Mənbəmiz Samir Şərifov – Cahangir Hacıyev rəqabətinin əsas katalizatoru kimi təqdim etdiyi Elmar Məmmədovun dövlət sərmayəsi ilə qurulan bank sistemində yaratdığı şəbəkə barədə də məlumat verib.

Onun bildirdiyinə görə, bir vaxtlar atasının rəhbərlik etdiyi, 2009-ci ildən 2013-cü ilə qədər isə özünün sədri olduğu “Kapitalbank”da onun çox ciddi şəbəkəsi var:

“2014-cü ildə rəhbərlik etdiyi “Azərtürkbank”a isə faktiki olaraq, onun bu bankda yüksək vəzifə tutan qardaşı nəzarət edir. Beynəlxalq Bankda işlədiyi dövrlərdə qardaşı ilə əlbir olub qara bazarda valyuta satışını birgə təşkil edirdilər”.

Elmar Məmmədov niyə Beynəlxalq Bankdan uzaqlaşdırıldı?

Məlumata görə, Elmar Məmmədovun Beynəlxalq Banka vurduğu ən böyük zərbə keçmiş sovet təcrübəsini yeni iş yerinə daşıması və həyata keçirdiyi uğursuz əməliyyatlar olub:


“O, hələ keçmiş Əmanət Bankı dövründə illərlə atasından öyrəndiyi “şapka” prinsipini Beynəlxalq Banka gətirdi. Məhz Elmar Məmmədovun sədrlik etdiyi 1 il 4 ayda Beynəlxalq Bankın tarixində ilk dəfə ipoteka kreditlərinə görə 15%, əmək haqqına verilən kreditlərə görə 15% “şapka” alındı.
Üstəlik, bankın gələcəyi riskə qoyularaq, Neft Fondundan xarici valyuta ilə alınan kreditlər manata çevrilərək, illik 8%-lə 15-20 illiyə Elmar Məmmədovun yaxın adamlarına ipoteka kreditləri verildi. Əhalidən manatla alınan əmanətlərə isə illik 15% vəd edən bankın ipoteka kreditlərinə bu cür yanaşması anlaşılmaz olduğu qədər bir çox mətləbləri də gün işığına çıxarırdı. Cahangir Hacıyevin dövründə özlərinin imza atdığı səhvləri şişirdərək Beynəlxalq Bank rəhbərini günahlandıran Maliyyə Nazirliyinin bu talana laqeyd yanaşması prosesin Elmar Məmmədov tərəfindən deyil, birbaşa S. Şərifov tərəfindən idarə olunması təəssüratı yaradırdı.
Görünür, bu təəssüratın qarşısını almaq üçün Elmar Məmmədovun Beynəlxalq Bank sərgüşəsti uzun sürmədi. Onun 1 il 4 aydan sonra işdən kənarlaşdırılması Maliyyə Nazirliyinin özünüqoruma instiktindən başqa bir şey deyildi. Öz fəaliyyətini şəxsi maraq və Elmar Məmmədovun intriqaları səviyyəsinə endirənlər Maliyyə Nazirliyini də bu illərdə alver məkanına çevridilər”.

Mənbəyimiz daha sonra bildirir:

“Ölkədəki nüfuz savaşında öz şəxsi ambisiyaları naminə ölkə rəhbərliyinı daim sədaqət göstərmiş şəxslərin artan nüfuzlarının qarşısını almaq, onların sıradan çıxarılması üçün illərlə ərsəyə gətirilmiş strukturları məhv etmək, nə yazıq ki, bu gün Maliyyə Nazirliyinin əsas iş prinsiplərindən biri kimi ön plana çıxır.
Nazirlik özünün əsas funksiyası kimi yalnız cılız xəzinədarlıq missiyası daşıdığını zənn edir. Halbuki, nazirlik daha geniş funksiyalara malik olmaqla ölkənin iqtisadi siyasətinin bütün istiqamətlərində öz sözünü deməli, ümumi iqtisadi siyasəti koordinasiya etməlidir. İndiyədək bu orqan ölkədə nə mühasibat uçotunun metodologiyasınına cavabdehlik daşıyaraq, onun beynəlxalq standartlara keçməsini təmin etmiş, nə ölkədəki normal iqtisadi mühitin yaradılması üçün iqtisadiyyatı dağıdan gömrük monopoliyasının ləğv edilməsinə təşəbbüs göstərmiş, nə vergi sisteminin təkmilləşdirilməsi istiqamətində hər hansı təkliflər vermiş, nə də ayrılan maliyyə vəsaitlərinin büdcə təşkilatları tərəfindən düzgün xərclənməsinə nəzarət etmişdir”.

(ardı var)

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI