İki Şərifovun sabotajı - Ələt limanının tikintisində qorxunc maxinasiyalar

28-09-2017, 10:43
  •     
  • Manşet
    |
  •  Oxunma: 9991


İşıqlı projelər qaranlıq sularda necə batırılır; Ələt azad ticarət zonasının yaradılmasının və limanın açılışının ləngiməsinin arxasında baş nazirin müavini Abid Şərifovun və maliyyə naziri Samir Şərifovun şəxsi maraqlarının və təxribatlarının dayandığı deyilir; ölkənin gələcəyi üçün mühüm sayılan projelərə məmurların qarşı çıxmasının müdhiş səbəbləri

Azərbaycan iqtisadiyyatının şaxələnməsi, qeyri-neft sektorunun inkişafı ölkəmizin alternativi olmayan əsas prioritet istiqamətdir. Bu istiqamət üzrə 2 mühüm sahədə həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Bunlardan biri aqrar sektorun inkişafıdırsa, digəri orta və uzunmüddətli perspektivə hesablanaraq Azərbaycanın regional ticarət-tranzit-logistik qovşağa çevrilməsini nəzərdə tutur. İkinci sahə üzrə aparılan işlərin ən mühüm həlqəsi Ələtdə azad ticarət zonası-liman tipli habın yaradılmasıdır.

Ölkəmiz üçün tamamilə yeni bir sahə olan Ələt azad ticarət zonasının (ATZ) yaradılması, o cümlədən Ələt beynəlxalq dəniz limanının inşası son illərdə dövlət rəhbərliyi, bilavasitə prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanılır.

Qeyd edim ki, ötən ilin dekabrında prezident fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə görə, ölkənin regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi üçün artıq planlaşdırılmış, qismən icra edilmiş və tamamlanması mühüm əhəmiyyət kəsb edən üç layihə mövcuddur. Bunlar Ələt yeni Bakı Limanı kompleksi, Bakı-Tiiflis-Qars dəmir yolu və Astara-Astara dəmir yoludur. Davam edən bu layihələr üçün 1 milyard 200 milyon manat investisiya vəsaitinin lazım gələcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, Ələtdə yeni və müasir tipli dəniz limanının tikintisi ilə bağlı işlərə 2007-ci ildən başlanıb. Ötən illər ərzində tikinti işlərində xeyli ləngimələr qeydə alınıb. Belə ki, hələ 2008-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun mətbuata verdiyi açıqlamada limanın birinci mərhələsinin 2008-2011-ci, ikinci mərhələnin 2011-2013-cü, üçüncü mərhələnin isə 2013-2015-ci illəri əhatə edəcəyi, tikinti işlərinə bütövlükdə təqribən 400 milyon ABŞ dolları sərf olunacağı bildirilmişdi. Lakin cənab Məmmədovun rəhbərlik etdiyi nazirlik limanın texniki-iqtisadi əsaslandırma və layihəsinin işlənmə mərhələsini 2010-cu ilə güclə başa çatdıra bildi. Həmin il prezidentin iştirakı ilə limanın təməli qoyuldu.

İki Şərifov bir layihəyə niyə pəl vurur?

Liman kompleksi akvatoriyasında (giriş kanalı və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri Hollandiyanın “Van Oord Dredging And Marine Contractors B.V.” şirkəti tərəfindən yerinə yetirilib. Qalan bütün işlər “Evrascon” ASC-yə həvalə olunub. Məhz bu seçim limanın tikintisinin çox ciddi yubanmalarla aparılmasına səbəb oldu. İşlərin yubanması ilə bərabər, ona çəkiləcək xərclər də artdı. 2008-ci ildə elan edilən 400 milyon dollar (təxminən 300-320 milyon manat) 2012-ci ildə 870 milyon manata çatdı. Ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malik layihənin icrasında maraqlı olan dövlət rəhbərliyi tikinti üçün vəsaitlərin ayrılmasını təmin etsə də, baş nazirin müavini Abid Şərifova bağlı olduğu deyilən “Evrascon” ASC işləri bir türlü irəli apara bilmədi.

Maraqlıdır ki, ASC-nin icraçı direktoru Manaf Şirinov özü də Ələt Limanının tikintisi ilə bağlı işlərdə problem yarandığını təsdiq edib. O, 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında bildirib ki, limanın tikintisi ilə bağlı 2014-cü il üçün görülən işlərə sərf olunacaq 50 milyon manatı ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər. Bu üzdən də ASC layihə üzrə işləri davam etdirmək üçün dollar və avro ilə kreditlər götürüb. Bu, faktiki olaraq, yubanmanın məsuliyyətini büdcədən pulu təmin edən maliyyə naziri Samir Şərifovun üzərinə qoymaqdır.

Maraqlıdır ki, bu ilin yanvarında hökumət müşavirəsindəki çıxışında ölkə prezidenti İlham Əliyevin verdiyi məlumatdan aydın olur ki, 2014-2015-ci illərdə maliyyəni gec aldığını deyən ASC rəhbərliyi 2016-cı ildə ayrılan pulları xərcləməyib. Həmin müşavirədə İ.Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemləri dilə gətirdi. Bildirdi ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb: “Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”.

Musavat.com bildirir ki, prezidentin bu çıxışından sonra işlərin sürətlənəcəyi gözlənirdi - sentyabrda limanın birinci mərhələsinin başa çatacağı elan edildi. Hətta iyun ayında mətbuata açıqlama verən “Evrascon” ASC İdarə Heyətinin sədri M.Şirinov işlərin qrafik üzrə getdiyini bildirib, “maliyyələşmə, mal və materialların alınması ilə bağlı heç bir problem yoxdur” deyib: “Bildiyiniz kimi bu yaxınlarda layihənin sifarişçisi dəyişdi, işlərə nəzarət İqtisadiyyat Nazirliyinə həvalə edildi. Həmin vaxtdan etibarən işlər daha da sürətləndirilib, müəyyən ləngimələrə səbəb olan problemlər aradan qaldırılıb.”(virtualaz.org)

Lakin bu açıqlamadan 2 ay sonra - avqustun 2-də prezident sərəncamı ilə liman üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə 36,8 milyon (otuz altı milyon səkkiz yüz min) manat, digər sərəncamı ilə limanın tikinti işlərinin davam etdirilməsi üçün İqtisadiyyat Nazirliyinə 30 milyon manat ayrılıb. Göründüyü kimi, “Evrascon” yenə də üzərinə götürdüyü öhdəlikləri icra edə bilməyib. Buna görə də limanın birinci mərhələsi üzrə işlərin yekunlaşma tarixi sentyabrdan 2017-ci ilin sonunadək ertələndi.

Bu layihə ilə sıx bağlı olan Bakı-Tiflis-Qars dəmiryol xəttinin oktyabrın sonu üçün istifadəyə veriləcəyi nəzərdə tutulur. Eyni zamanda Xəzər dənizi üzərindən yük və sərnişindaşımaların həcmi sürətlə artır. Ələt Limanından verilən məlumata görə, bu ilin ilk yarısında Bakı Limanında ümumi yükaşırmanın (neft məhsulları xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 43,5 faizə qədər, Ələtdə yerləşən Bərə Terminalında vaqon aşırılması 35,2 faiz, Türkmənistan, Qazaxıstan istiqamətində sərnişindaşıma isə 50 faizə qədər artıb. TIR aşırılmasında isə artım 53,7 faiz olub. Bu şəraitdə limanın tikintisinin yubadılması dövlətin maraqlarına böyük zərbədir.

Ələt ATZ-ə müstəsna hüquq verilməsi kimlərə sərf etmir?

Limanın tikintisi ilə bərabər, Ələtdə ATZ-in yaradılması üzrə işlər də yubanmaqdadır. Xatırladaq ki, ATZ-nin yaradılması barədə sərəncamı İ.Əliyev ötən ilin martında imzalayıb. Sentyabrda isə ATZ-in yaradılması üzrə məsləhətçilik işi dünyanın 3-cü böyük belə limanı olan Cəbəl-Əlinin yaradıcısı “DP World” şirkətinə həvalə olunub.

Qeyd edək ki, həm məsləhətçi şirkət, həm də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Ələt ATZ üçün müstəsna hüquqi rejimin nəzərdə tutulmasını istəyirlər. Hasilatın pay bölgüsü sazişləri kimi, ATZ-in fəaliyyətinə dair qanunun da xüsusi statusa malik olması təklif edilir. Bu, ATZ-in işinə yersiz müdaxilələrin qarşısını almaqda mühüm rol oynaya bilər.

Əldə etdiyimiz məlumata görə, bu ilin yazında hazırlanma prosesi başa çataraq Milli Məclisin payız sessiyasının gündəliyinə salınmalı olan qanunun yubanması da məhz bu istəklə bağlıdır: bir sıra məmurlar ATZ-ə müstəsna hüquqların verilməsini istəmirlər. Buna görə də qanun layihəsinin hazırlanması işi yubanır. Bu isə birbaşa prezidentin diqqət mərkəzində olan böyük bir layihənin icrasına mane olmaq deməkdir./musavat.com





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI