PARADOKS

AKTUAL

Elxan Məmmədovla Riad Rəfiyev "Neftçi"də bazar açıb

9-01-2017, 23:08
  •     
  • İdman |
  •  Oxunma: 16

Elxan Məmmədovla Riad Rəfiyev

"Neftçi" tarixinin ən qara günlərini yaşayır. Azərbaycan futbolunun flaqmanı ilk dövrədə keçirdiyi 14 oyundan 11-də məğlub olub və 9 xalla yalnız son pillədəki AZAL-ı qabaqlayır. Bunun səbəbləri barədə bu günə qədər çox danışmışıq. Yenidən eyni mövzuya qayıtmağımızın səbəbi isə "Neftçi"nin yenə bazara çevrilməsidi.

"Ağ-qaralar" transfer dövrünün ən fəal klubudu. Artıq rəhbərlik 6 futbolçu ilə müqavilə imzalayıb, bir neçəsi ilə danışıqlar gedir, həmçinin baxışa gələnlər var. Bu ilk yarını uğursuz keçirən komanda üçün normal hal hesab olunur. Klub lazımsız futbolçulardan canını qurtarır, heyətini gücləndirir və s. Amma...

Bu gün atılan addımlar bir daha göstərir ki, "Neftçi" bu vəziyyətə bilərəkdən salınmışdı. Məgər, "ağ-qaralar"ın heyəti AFFA-nın əlinə baxan "Sumqayıt"dan, "Kəpəz"dən və yaxud uduzduğu AZAL-dan zəif idi? Heç də zəif deyildi. Hətta ilk "dördlük"də yer alacaq gücdə idi. Sadəcə maraqların toqquşduğu komandanı qəsdən bu vəziyyətə saldılar ki, yeni maliyyə mənbələri əldə etsinlər. Heç kimə sirr deyil ki, "Neftçi" bu qədər məğlubiyyəti təkcə zəif oyununa görə almayıb, bu yenilgilərin qərarı kabinetlərdə verilib. Ki, komandanı istədikləri kimi idarə edib, istədikləri qədər ciblərini doldura bilsinlər.

Bir sözlə "Neftçi"ni Hans-Yurgen Gedenin dövrünə - 2008-2009-cu illərə qaytardılar. Bütün heyəti dağıdıb yenidən qurmağa başlayıblar. Məqsəd də bəllidi. Dövlətin milyonlarını küçəyə atmaq, daha doğrusu kimlərinsə cibinə axıtmaq...

Bəs kimdi o "kimsələr"? Onu da bilirik. Sirr deyil ki, "Neftçi" birbaşa AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarəti altındadı (klubun gerçək təsisçisi və sahibinin kimliyi başqa məsələdi). Klubdakı bütün təyinatları Nobel prospektindəki boz binada oturan bu şəxs edir. Elə icraçı direktor Orxan Hüseynzadəni, baş məşqçi Elxan Abdullayevi və digərlərini də "Neftçi"yə məhz baş katib göndərib. Elxan Abdullayev özü də etiraf edərək bildirib ki, onu komandaya AFFA-dan təyin ediblər. Məqsədi də yuxarıda qeyd etdik - PUL QAZANMAQ!

Hələ Elnur Məmmədov - Vəli Qasımov tandeminin "Neftçi"yə başçılıq etdiyi dövrdə transfer qiymətlərinin, maaşların şişirdildiyi bəlli idi. Bunun arxasında isə bir başa Elxan Məmmədov dururdu. İndi yenə eyni vəziyyət hökm sürür. Yenə transferlərdən pullar qazanılır, dövlətin milyonları ciblərə axıdılır, "Neftçi"nin taleyi isə heç kimi maraqlandırmır.

Bəs bu transferləri kim həyata keçirir? Həmin şəxsin kimliyi də bəllidi. Belə ki, hazırda "Neftçi"nin transfer çalışmalarındakı əsas oyunçu Riad Rəfiyevdi. Klubun mərhum prezidenti Rasim Rəfiyevin oğlu olan bu şəxs futbol üzrə Azərbaycan yığmasının admistratoru, AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatorudu. AFFA-da iki vəzifə tutan Rəfiyev həm də menecerlik fəaliyyəti ilə məşğuldu. FIFA-nın qaydalarına əsasən, federasiya və klublarda vəzifə tutan şəxslərin menecerlik fəaliyyəti ilə məşğul olması qadağandı. Amma həmişə olduğu kimi, Azərbaycan futbolunda beynəlxalq tələblər yox, Elxan Məmmədovun arzu və istəkləri qanun hesab olunur.

Riad Rəfiyevin "Neftçi"dəki fəaliyyətinə gəlincə, yuxarıda qeyd etdiyimiz kimi "ağ-qaralar" bu günə qədər 6 futbolçunun müqaviləsini rəsmiləşdirib. Məlumata görə, bunlardan ikisi başqa iki menecerin vasitəçiliyi ilə "Neftçi"yə gəlib. Qalan 4-ü isə Riad Rəfiyevin fəaliyyətinin məhsuludu.

AFFA rəsmisi bununla kifayətlənməyəcək. Qarşıdakı günlərdə daha bir neçə transfer ediləcək ki, onların da menecerliyini məhz bu şəxs edir. Həmin transferlərdən biri isə Pavel Paşayev olmalıdı. Elxan Məmmədov - Riad Rəfiyev tandeminin tapıntısı olan bu futbolçu milli komandamızda necə peyda olubsa, "Neftçi"nin heyətində də elə zühur edəcək...

XeberBiz.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI