PARADOKS

AKTUAL

Rəşad Həsənov: “Neft vəsaitləri əsasən infrastruktur layihələrinə xərcləndi”

10-10-2017, 11:21
  •     
  • İqtisadiyyat |
  •  Oxunma: 8366


Hökumətin uzun illərdir ölkəyə daxil olan neft pullarını effektiv xərcləməməsi ilə bağlı iradlar mətbuatın gündəmindən düşmür. Müxalif düşərgə də hakimiyyəti 150 milyard dollar neft pulunu mənimsəməkdə ittiham edir. Bu rəqəmin özü də mübahisəlidir.

Bəs görəsən, bu günə kimi ölkəyə neft hasilatından nə qədər vəsait daxil olub? Ekspertlər həmin vəsaitlərin xərclənmə prinsipini necə dəyərləndirirlər?

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsvat”a açıqlamasında bildirdi ki, neft vəsaitlərinin xərclənməsi ilə bağlı yanaşmalar birmənalı deyil:
“Azərbaycana karbohidrogen məhsullarının satışından 145 milyard ABŞ dollarına yaxın pul vəsaiti daxil olub. Bunun təxminən 115 milyard manata yaxını xərclənib. Qalan vəsaitlər isə Neft Fondunda saxlanılır. Neft Fondundakı vəsaitlərin bir qismi də həmin pulların idarə edilməsindən əldə olunan gəlirlərdir. Neft Fondu il ərzində vəsaitlərin idarəedilməsindən təxminən 1,5 milyard dollara yaxın gəlir əldə edir ki, bu da Fondun yığımlarına öz təsirlərini göstərir”.

R.Həsənov vurğuladı ki, indiki halda qeyd edilən rəqəm Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir:
“Bu vəsaitlərin əhəmiyyətli hissəsi qısamüddətli dövr ərzində xərcləndi. Həmçinin daha çox infrastruktur layihələrinə yönəldilməklə xərcləndi. Dünyada infrastruktur layihələri ən riskli layihələr olmaqla yanaşı, korrupsiyaya da açıq layihələr sırasına daxildir. Bu da hökumətin neft vəsaitlərini idarəetmə siyasətinə, xərcləmə siyasətinə müəyyən şübhələr yaratdı. Faktiki olaraq, Azərbaycanın bu istiqamətdə mövqeyi daha çox infrastruktur yönümlü xərclər istiqamətində oldu. Ancaq Norveçdə daha çox yığıma yönəldilir, Azərbaycanda isə daha çox xərcləmələrə yönəldilir. Buna müəyyən qədər ehtiyac da var. Çünki ölkədə infrastruktur tamamilə dağılmışdı, amma eyni zamanda sonrakı mərhələlərdə biz bir sıra hallarda layihələrin icrası zamanı ciddi nöqsanların olduğunu və vəsaitlərin qeyri-effektiv xərcləndiyini müşahidə etdik. Düşünürəm ki, bu günə qədər hökumətin Neft Fondu vəsaitlərini xərcləməsi ilə bağlı yaranmış problemlərin nəticəsidir kimi, 2014-cü ildən sonra Azərbaycana iqtisadiyyatından dərin staqnasiya müşahidə olundu. Çünki iqtisadiyyat birdən-birə şişirdilmiş vəsaitlərlə qidalanmağa başlamışdı, daha çox istehlak iqtisadiyyatına çevrilmişdi. Biz yalnız alırdıq. Böyük pul vəsaitləri var idi, bu isə real iqtisadiyyatın inkişafında mühüm maneələrdən biri oldu. Eyni zamanda gəlir mənbələrinin şaxələnmiş olmaması, yalnız neftdən asılı olması son nəticədə neft qiymətlərinin düşməsi fonunda ciddi böhrana gətirib çıxartdı”.

İqtisadçının sözlərinə görə, daha məntiqli addım o olar ki, vəsaitlərin xərcləməsinə müəyyən zaman çərçivəsində məhdudiyyət qoyulsun:
“2014-cü ildən başlayaraq Neft Fondundan dövlət büdcəsinə yönəldilən vəsaitlərin həcmində azalma tendensiyası müşahidə edilməyə başlamışdı. Lakin Dövlət Neft Fondunun büdcəsinə edilən son dəyişikliklər də onu göstərdi ki, yenə də hökumət xərcləməyə meylli siyasət həyata keçirir. Neft Fondunun gəlirlərinin artması fonunda xərcləri də təxminən 5,2 faiz artırıldı. Halbuki Fondun öz gəlir və xərcləri arasında əhəmiyyətli səviyyədə disbalans var idi. Artan gəlirlər bu defisitin aradan qaldırılmasına yönəldilə bilərdi. Ancaq biz həm dövlət büdcəsinə, həm də Neft Fondunun büdcəsində edilən dəyişikliklərdən onu hiss edirik ki, hələ də hökumət gəlirlərin artdığı təqdirdə, xərcləri artırmağa meyllidir. Bu, doğru yanaşma deyil. Daha çox real iqtisadiyyat hesabına gəlirlərin formalaşması və effektiv xərcləmələr istiqamətində siyasətin həyata keçirilməsinə ehtiyac var”.

Qeyd edək ki, Azərbaycanın neft ehtiyatları 950 milyon tondan çoxdur, yəni təxminən 1 milyard ton civarındadır. 2017-ci il iyun ayının 1-ə olan məlumata görə,1997-ci ilin noyabrından bu günədək Azərbaycan bu ehtiyatları 430 milyon tonunu hasil edib. İndiyədək oradan Neft Fonduna 125 milyard dollar mənfəət daxil olub. Bundan əlavə dövlət büdcəsinin qazancı, sosial müdafiə fonduna ödənişlər, vergi və sair daxil deyil. Əgər bunları da nəzərə alsaq, son 20 ildə ölkəyə təxminən150 milyard dollar neft gəliri daxil olub.

XeberBiz.az



Mənbə:musavat.com


yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI