PARADOKS

AKTUAL

Uşaq yeməklərinin qiyməti fantastik həddə: - “Uşağa necə anladasan ki, bahadır…”

12-10-2017, 11:39
  •     
  • İqtisadiyyat |
  •  Oxunma: 4097


Son illərdə Azərbaycanda öz körpələrini yalnız ana südü ilə qidalandıran analar azlıq təşkil edir. Hazırda süni uşaq qidalarından istifadə daha çox genişlənib. Bəzi analar bu və ya digər səbəblərdən körpələrinə ana südü verməkdən imtina edirlər. Amma südü yetərincə olmayan, yaxud sonradan çəkilən analar da var ki, onların bu məsələdə işi bir qədər də qəlizləşir. Halbuki, pediatrlar məsləhət görürlər ki, uşaqlar 2 yaşına qədər ana südü ilə qidalanmalıdır. Son zamanlar uşaq qidalarında qiymət artımı müşahidə olunur. Market və apteklərdə uşaq qidalarının “əl yandıran” qiymətləri körpəsinə süd verən anaları ciddi narahat etməyə başlayıb.

Uşaq yeməkləri, əşyaları, geyim hətta bezləri ölkə bazarında dəyərindən bir neçə dəfə baha satılır. Bu durum aztəminatlı ailələr üçün əlçatan deyil. Körpə vaxtında qidasını yeməlidir. Bu səbəbdən körpəsi olan bütün ailələr qiymətindən asılı olmayraq bu qidaları almaq məcburiyyətindədirlər. Amma qiymətlər ailələri çarəsiz durumda qoyur.

Ekspertlərin fikrincə, ölkəmizdə uşaq süni qidalarının qiymətləri qonşu ölkələrlə müqayisədə 30 faiz bahadır. Son günlərdə isə marketlərdə süni qidaların qiymətlərində yenidən bahalaşma müşahidə olunur. Maraqlı məqam isə ondan ibarətdir ki, qiymətlər yerlərindən asılı olaraq dəyişir. Yəni bəzi marketlərdə eyni qida bir qədər ucuz, bəzilərində də baha qiymətlərlə təklif olunur. Hətta apteklərdə də bu qiymət fərqliliyi müşahidə olunur. Bir sözlə, bütün məhsul və mallarda olduğu kimi, uşaq qidalarında da vahid qiymət siyasəti yoxdur. Kim hansı qiymət istəyirsə, rahat şəkildə bunu qoya bilir.

Xətai rayon sakini, əkiz uşaq anası Səbinə Həsənova (Ad şərtidir) “Cümhuriyət” qəzetinə açıqlamasında uşaq yeməklərinin baha olmasından şikayət edib. O, deyib ki, iki uşağa ayda təkcə uşaq qidası 270-300 manat arası tutur: “Uşaqlara “Nutrilon” verirəm. 3 gündən bir yemək bitirdi. Normal yeməyə keçəndən sonra 5 gündən bir almağa başladıq. Hazırda da bu uşaq qidasından istifadə edirəm. İş təkcə yeməklə kifayətlənmir axı... Bunun bezi, geyimi, həkimi, dərmanı, müəyyən sıyıqları, hətta ləvazimatları da var. İki uşağın bezi ayda 400 manat tutur. Hələ “D” vitaminlərindən də istifadə olunur. Çox çətindir. Uşaq saxlayıb, böyütmək üçün yüksək maaş lazımdır. Uşağa necə anladasan ki, qida bahadır. Məcbur almalısan. Borc, xərc edib uşaqların təminatını görməlisən”. Suraxanı rayon sakini Nərmin Abbasova isə deyir ki, imkansızlıqdan həkimin körpəsinə tövsiyə etdiyi qidanı deyil, ondan daha ucuz olan qidanı almaq məcburiyyətindədir: “Uşaq böyüdükcə, yeməyinin miqdarı da çoxalır. Çox əziyyət çəkirik. Yoldaşım 250 manat əməkhaqqı alır. Çatdıra bilmirik. Market sahibini tanıdığım üçün uşaq qidasını nisyə götürürəm, sonra xırda-xırda ödəyirəm. Amma bu vəziyyətdə uşağa qida yedizdirmək olar?”. Ekspertlər deyir ki, süni uşaq qidalarının baha olmasının ilk səbəbi Azərbaycanda bu məhsulların istehsalı olmaması və xarici bazardan bu məhsulların xarici valyuta ilə gətirilməsidir.Təbii ki, dolların məzənnəsi artdıqca, qidaların da qiymətində dəyişikliklər baş verir. Əlbəttə ki, körpənin xərci təkcə qidasının təminatı ilə bitmir. Bütün bu xərcləri hesablayıb, üzərinə uşağın geyim və digər xərclərini də əlavə etsək, ailədə bir körpənin böyüməsi üçün aylıq 400 manatdan artıq vəsait tələb olunur. Həddindən artıq baha olan uşaq dərmanlarının qiymətini də buraya əlavə etsək, hesab daha da artır.

“Cümhuriyət” qəzetinin əməkdaşı market və apteklərdə süni uşaq qidalarının qiymətləri ilə maraqlanıb. Bir çox market və apteklərdə uşaq qidaları müxtəlif qiymətlərə təklif olunub. Aptekdə “Nutrilon”un 700 qramlıq qutusu 25 manat 90 qəpik, marketdə isə 28 manat 79 qəpikdir. Bu qidanın ən böyük qutusu 700 qramdır. Qramına görə “Nutrilon”un qiymətləri 14, 24, 20 manat arasında dəyişir. “Nan” 12 və 21 manat, “Fricolac” qidası tutumuna görə 13 manat 49 qəpik, 16 manat 50 qəpik, 19 manat 97 qəpik arasında dəyişir. Tutumu az qablaşdırmalarda “Aquşa” sıyıqları 1 manat 86 qəpik, 1manat 65 qəpik və 5 manat arasında təklif olunur. Bundan əlavə “Nestle” 4 manatla 9 manata, “Heinz” 4 manata, “Malyutka” 8 manatla 17 manat arası “Hipp” 11 manat, “Nestogen” isə 8-10 manar arası qiymətlərlə satılır. Maraqlıdır ki, həkimlərin tövsiyyəsi ilə süni qidaların təyinatı vaxtaşırı dəyişdirilir. Bu isə düzgün hesab olunmur. Ümumiyyətlə, süni qidaların uşaqların inkişafı və sağlamlığı üçün zərərləri böyükdür. Mütəxəssislər hesab edir ki, çalışdıqca körpələrə 2 yaşına qədər ana südü verilməlidir.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI