Bank işçisi: “Faizlərin aşağı salınması dövlətdən asılı bir məsələdir”

14-11-2017, 17:34
  •     
  • İqtisadiyyat
    |
  •  Oxunma: 7447


“Hər bir vətəndaş “müştəri həmişə haqlıdır”, prinsipi ilə yaşayır. Hansısa problemin yaranma səbəbi tam olaraq müştərinin özü ilə bağlı olursa, yenə də prinsiplərindən uzaq durmaq istəmirlər”

Bank əməkdaşı: “Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi 15% olduğu halda bugünkü bazarda 24% az kredit verilməsi artıq rentabelli hesab olunmur”.

Postsovet məkanının əksər ölkələrində olduğu kimi, Azərbaycanda da artıq iş və ixtisasın müəyyənləşməsi, sonra da həmin müəyyənləşmiş seçimə uyğun sahədə çalışmaq sıradan çıxan nüasnlardan biridir. İndi təyinatla iş yerinin təmin edildiyi sahələr həddindən çox azdır. Belə olan halda isə insanlar perspektiv karyera inkişafı və yaxşı maaşın təmin olunduğu peşələrə meyl edirlər. Yəni, gələcəkdə gəlirli sahələrdən birində olmaq üçün ixtisas seçimlərini də buna uyğun seçirlər. Ekspertlər hesab edirlər ki, normal pul qazanmaq üçün ilk öncə düzgün peşə seçimi etmək lazımdır. Hansı ki, seçdiyin peşədə özünü doğruldacağına inamın varsa, istədiyin zirvəyə çata bilərsən.

Azərbaycan reallığında isə gəlirli sahələr ölkə iqtisadiyyatının strukturuna əsasən formalaşır. Bu struktura görə ölkədə ən gəlirli sahə kimi müəyyənləşən sahələrdən biri də bank və maliyyə sektorudur. Devalvasiyanın nəticəsi olaraq bir sıra bankların bağlanmasına baxmayaraq, yenə də bank sahəsinə meylli olan gənclər az deyil.

Bank sahəsinə aid bu və ya digər mövzularla bağlı Pia.az-ın əməkdaşı bank əməkdaşı Eyyub Məmmədovdan müsahibə alıb.

"XeberBiz" həmin müsahibəni oxucularına təqdim edir:

- Karyerasında bank sahəsinə üstünlük verən şəxslər əsas olaraq hansı kriteriyalara önəm verməlidirlər?

- Məlumdur ki, hər bir peşənin özünəməxsus qayda-qanunları olur. Bu qaydalara düzgün riayət etmək öz işinin uğurlu kadrı olmağa şərait yaradır. Təbii ki, bank sahəsinin də özünəməxsus kriteriyaları var. Bank sahəsini karyera üçün seçmək istəyən şəxslər əsas olaraq müştəri ilə ünsiyyət bacarığı, komandada işləmək və operativlik kimi kriteriyalara önəm verməlidilər.

- Bankda işləməyin müsbət və mənfi tərəfləri nələrdir? Bir bank əməkdaşı kimi, sizin üçün kredit götürmək asandır və hansısa güzəşt əldə edə bilirsiniz?

- Hər işdə olduğu kimi, bank sferasında da işləməyin mənfi və müsbət tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, yeni insanlarla və firmalarla tanış olursan, həmçinin bu sahədəki əmək haqqı iş yükünə nisbətdə bir çox iş yerlərindən daha yaxşıdır. Mənfi tərəfi isə müştərilərin bəzi haqsız iradlarındın olmasıdır. Məsələn, hər bir vətəndaş “müştəri həmişə haqlıdır” prinsipi ilə yaşayır. Hansısa problemin yaranma səbəbi tam olaraq müştərinin özü ilə bağlı olursa, yenə də prinsiplərindən uzaq durmaq istəmirlər və hər bir halda özlərini haqlı sanırlar. Müştərilərdə formalaşan bu fikir bəzən banklarla müştərilər arasında anlaşılmazlıqların yaranmasına səbəb olur.
Bank işçisi: “Faizlərin aşağı salınması dövlətdən asılı bir məsələdir”

Eyyub Məmmədov: “Devalvasiya forsmajordur və bu isə o demək deyil ki, əhali ilə banklar arasında problem məhz bankların qeyri-peşəkarlığı ilə bağlıdır”.

- Bank sistemi Azərbaycanda ən problemli olan sahələrdən hesab olunur. Sizcə, niyə insanlarımız bankların fəaliyyətinindən kütləvi şəkildə narazıdırlar? Bu narazılığı qeyri-peşəkarlıqla əlaqələndirmək mümkündür, yoxsa başqa səbəb var?

- Bildiyiniz kimi, 21 fevral 2015-ci ildə Azərbaycanda ilk devalvasiya oldu və müəyyən müddət sonra ikinci devalvasiya da yaşandı. Bundan sonra ABŞ dolları ilə borcu olan şəxslərin ödənişlərində müəyyən gecikmələr baş verdi və belə olan halda əhali ilə banklar arasında müəyyən problemlər yaranmağa başladı. Burada qeyri-peşəkarlığa aid bir nüansın olduğunu söyləmək düzgün olmaz. Çünki vaxtilə dollar kreditinin faizi manata nisbətən az olduğuna görə müştərilərin çoxu kredit götürərkən valyuta seçimini sərbəst şəkildə özləri etmişdilər. Devalvasiya isə forsmajordur və bu isə o demək deyil ki, əhali ilə banklar arasında problem məhz bankların qeyri-peşəkarlığı ilə bağlıdır.

- Problemli kreditlərlə bağlı bir çox hallarda müştərilər bankları günahlandırırlar. Sizcə problemli kreditlərin yaranmasında və artmasında bankların fəaliyyətində hansı nöqsanlar var və niyə bu gün ortaya belə acınacaqlı mənzərə çıxıb?

- Az öncə dediyim kimi, problemli kreditlərin böyük hissəsi dollar kreditidir. SME (orta-kiçik sahibkar kreditləri) və korporativ kreditlərdə xarici valyuta üstünlük təşkil edir. Səbəb isə odur ki, dollar kreditlərinin faizi manatla olan kreditlərin faizinə nisbətən aşağıdır. Devalvasiyadan sonra Konstitusiya məhkəməsinin 15 may 2015-ci il tarixli qərarına əsasən, banklara dollarla olan borcunun güzəştsiz ödənməsi əhalinin böyük kütləsinin narazılığına səbəb oldu. Yaranmış mövcud vəziyyətdə isə banklar öz növbəsində köməklik məqsədi ilə müştərilərin kreditlərini restrukturizasiya, güzəşt müddəti və bəzi hallarda gecikmə faizlərinin silinməsi kimi addımlar atdılar. Əgər verilən kreditlər vaxtında manatla olsaydı, mövcud problemlər yaşanmazdı. Eyni zamanda əhali ilə banklar arasında inam öz gücünü zəiflətməzdi.

- Vətəndaşlarla banklar arasında yaranmış məlum problemlərdən sonra insanların banklara olan etibarı azalıb, həmçinin kredit götürənlərin sayında da azalma hiss olunur. Banklar yenidən vətəndaşların inamını qazanmaq üçün nə etməlidirlər?

- Məlum problemlərə əsasən vətəndaşların banklara qarşı yaranmış inamsızlığı yanlız zamanla azalacaq. Həmin zaman kəsiyində isə atılan addımlar vətəndaşlarda inamın yenidən formalaşmasına zəmin yaradacaq. Onu da nəzərinizə çatdırım ki, kredit bazarında faiz nisbəti ilə ən böyük yer alan kreditlər istehlak kreditləridir və bu kreditlər yenidən verilir. Banklar artıq kreditləri tək manatla verdiyinə görə vətəndaşların axını artıb və kredit alan kütlə böyüyür. Fikrimcə, əhalinin inamsızlığı əsasən xarici valyuta ilə verilən kreditlərə qarşıdır.

Eyyub Məmmədov: “Kredit faizləri Mərkəzi Bankın uçot dərəcəsindən asılıdır və faizlərin aşağı salınması artıq bankların deyil, dövlətin iqtidarında olan bir məsələdir”.

- İndiki kredit şərtlərinin ağırlığından şikayətçi olan insanlar az deyil. Hesab etmək olarmı ki, kredit faizlərinin aşağı olmasından dolayı bazarda alıcıların aktivliyi iqtisadiyyatın inkişafına daha yaxşı təsir göstərə bilər?

- Kredit istənilən halda bir riskdir. Bir çox hallarda verilən vəsait müştəri tərəfindən qaytarılmaya bilər. Ancaq bank əsas indikatorları nəzərə alır və bu kriteriyalara uyğun kredit verir. Təbii ki, heç bir rəsmi iş yeri olmayan vətəndaşlara kredit verilmir. Rəsmi iş yeri olduğu halda isə müştərinin digər banklarda olan borcları hesablanır və borclanma əmsalı yüksək olduqda kredit verilmir. Əlavə olaraq. kredit verilərkən zamin tələb olunur, ən əsası kreditin məqsədi və təyinatı tam olaraq analiz olunur. Bu kriteriyalar dəyişməz olaraq qalır.

Faizlərə gəlincə isə, təbii ki, kredit faizlərinin aşağı olması kredit həcminin böyüməsinə və ümumi iqtisadiyyatın inkişafına müsbət təsir göstərə bilər. Lakin burada minimal bir hədd var. Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi 15% olduğu halda bugünkü bazarda 24% az kredit verilməsi artıq rentabelli hesab olunmur. Düzdür, faiz dərəcəsi verilən kreditin müddəti və məbləğindən asılıdır. Məsələn, böyük məbləğdə və qısa müddətə verilən kreditin faizi kiçik məbləğdə və daha uzun müddətə verilən istehlak kreditinin faizindən az ola bilər. Kredit faizləri Mərkəzi Bankın uçot dərəcəsindən asılıdır və faizlərin aşağı salınması artıq bankların deyil, dövlətin iqtidarında olan bir məsələdir.

- İndiki vəziyyətdə bankların sağlamlaşdırılması üçün bir sıra addımlar atılır. Atılan addımları qənaətbəxş hesab edirsinizmi?

- Bəli. Demək olar ki, bütün banklar problemli kreditlərin sağlamlaşdırılması ilə məşğuldur. Bank sisteminin sağlamlaşdırılması üçün atılan addımları və bu yöndə fəaliyyətləri qənaətbəxş hesab edirəm. Bank iqtisadiyyatın ayrılmaz hissəsidir. Hesab edirəm ki, Cənab Prezident İlham Əliyevin də bank sisteminin sağlamlaşdırılmasına dəstək olaraq verdiyi son qərarlar bu sahənin Azərbaycanda dayanaqlı inkişafı və stabilliyini qoruyacaq.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI