PARADOKS

AKTUAL

“Son 9 ayda bankların aktivləri təxminən 39 faiz artıb” - İQTİSADÇI

6-10-2018, 09:06
  •     
  • İqtisadiyyat |
  •  Oxunma: 10020


Samir Əliyev: “Banklar hələ də ehtiyatlı siyasət yürüdürlər, aktiv kreditləşmədə maraqlı deyillər”
Mətbuatda yenə bir neçə bankın bağlanacağı ilə bağlı informasiyalar dolaşmaqdadır. Cari ilin sonuna kimi təxminən 4 bankın bağlanacağı iddia edilir. Səbəb isə onların öhdəliklərini yerinə yetirə bilməmələridir. Məlum olduğu kimi, son iki ildə bankların sağlamlaşdırılması prosesi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası 11 bankın lisenziyasını ləğv edib. Sağlamlaşdırılma prosesinin 2018-ci ilin sonuna qədər başa çatması və problemli bankların birləşdirilməsi və ya lisenziyasının ləğvi məsələsi gündəmdədir. Bəs görəsən, ümumilikdə bank sektorunun vəziyyəti cari ildə hansı istiqamətdə dəyişib. Problemli kreditlərin azalması, kreditləşmə prosesinin canlanması, depozit qoyuluşu, o cümlədən bankların kapitalının artması istiqamətində 2018-ci ilin ötən dövründə hansısa uğurlar əldə edilibmi?

Cari ildə bank sektorunda baş verənləri “Yeni Müsavat” üçün iqtisadçı-ekspret Samir Əliyev təhlil edib. O vurğulayıb ki, bank sektorunun vəziyyəti ağır və sabit olaraq qalmaqdadır: “Ancaq müəyyən bir canlanma da müşahidə olunur. Bunu bankların sağ qalmaq üçün müqaviməti və çabaları kimi qiymətləndirmək olar. Son bir ilin göstəricilərinə baxsaq, 2017-ci ilin sentyabr ayından bu yana bankların vəziyyətində pisləşmə qeydə alınıb. Lakin 2018-ci ildə banklar həmçinin müəyyən göstəriciləri yaxşılaşdırmağa nail olublar. Banklar 2015-ci ildən bəri ilk dəfə olaraq aktivlərini artırmağa müvəffəq olublar. Bu ilin 8 ayında aktivlərini 0,7 faiz artıra biliblər. Halbuki, ötən ilin 1 sentyabr tarixinə olan göstəricilərlə müqayisə etsək azalma hələ də davam edir, aktivlərdə 4,6 faiz azalma qeydə alınıb. Əsas məqamlardan biri də banklarda kreditləşmə məsələsidir. Məlum olduğu kimi, devalvasiyadan sonra kredit verilməsi kifayət qədər azalmışdı. Bunun obyektiv səbəbləri daha çox idi. Əsas səbəb inflyasiyanın artmasından dolayı aktivlərin zərərli aktivlərə çevrilməsi idi. 2017-ci ilin müvafiq dövründə əgər banklar aktivlərinin 41,4 faizini kreditlərə ayırırdılarsa, hazırda bu rəqəm 43,2 faizə qalxıb. Banklar əllərində olan hər 100 manatın 43 manat 20 qəpiyini kreditə yönəldirlər. Təəssüf ki, bu məbləğin 43 manat 20 qəpiyin 5 manat 90 qəpiyini mümkün zərərin ödənilməsi üçün məqsədli ehtiyat şəklində saxlayırlar, cəmi 37 manat 30 qəpiyini kredit şəkildə yönəldirlər. Ancaq 2017-ci ilin müvafiq dövründə bu rəqəm 35 manat 85 qəpik idi. Ötən ilin sonunda bu rəqəm bir qədər artdı. Göründüyü kimi bankların kreditləşməyə yönəltdiyi vəsait az olaraq qalır. Devalvasiyadan əvvəl hər 100 manatın təxminən 70 manatı kreditə yönəldilirdi”.

İqtisadçı kreditləşmə prosesinə əngəl olan əsas məqamlardan biri kimi, bankların kreditlər üzrə mümkün zərərin ödənilməsi üçün məqsədli ehtiyatları artırmasını göstərdi: “Buna görə də aktiv kreditləşmədə çətinliklər yaranmaqdadır. Hazırda 1 milyard 655 milyon manat pul məqsədli ehtiyat şəklində banklarda saxlanmalıdır, halbuki bu vəsait kreditləşməyə də yönəldilə bilərdi.

Buna baxmayaraq, bu ilin ilk 8 ayında müştərilərə verilən kreditlərin həcmində 5 faizə qədər artım var. Belə ki, 11 milyard 338 milyon manatdan 11 milyard 906 milyon manata qədər artıb. Bu isə qeyd etdiyimiz kimi, bankların aktivlərində kreditlərin həcminin artması deməkdir".

Depozitlərə gəlincə, S.Əliyev bildirdi ki, istər ayrı-ayrı maliyyə institutlarının, istərsə də, fiziki və hüquqi şəxslərin depozitlərinə baxsaq, 2018-ci ilin ilk 8 ayında 0,8 faiz artım müşahidə edilib: “2017-ci ilin müvafiq dövründə isə 8 faizə qədər azalma olmuşdu. Cari ilin 8 ayında əsas artım müəssisələrin və vətəndaşların depozitlərində olub-2,7 faiz... Maliyyə institutlarının depozitlərində isə 20 faizə qədər azalma olub. Dollar əmanətlərində faizlərin aşağı salınması və manatın sabit qalması səbəbindən manatla olan əmanətlərin daha çox saxlanılması prosesi davam edəcək. Cari ilin 8 ayına bankların kapitalının artırılması prosesi də baş verib. Son 9 ayda bankların aktivləri təxminən 39 faiz artıb. Hazırda bankların aktivləri 4 milyard manatdan çoxdur. Bu da bankların dayanıqlığını gücləndirən amillərdən biridir.

Təəssüf ki, kreditləşmənin artması fonunda bankların mənfəətində yaxşılaşma baş verməyib, əksinə azalma baş verib. Son 1 ildə xalis mənfəət 70 faizdən çox azalıb. Əgər 2017-ci ilin müvafiq dövründə xalis mənfəət 350 milyon manat idisə, 2018-ci ilin 8 ayında isə bu rəqəm 104 milyon manat olub. Azalmanın səbəbi də aktivlərlə bağlıdır. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar var ki, problemli kreditlər artdıqca bu ayırmaların həcmi də artır. Buna görə də, bankların xalis mənfəətində azalma olub. Ötən ilin müvafiq dövründə mümkün zərərin ödənilməsi üzrə ehtiyatın həcmi 197 milyon manat idisə, hazırda bu rəqəm 316 milyon manata qədər artıb. Təxminən 61 faiz artım var".

Ekspert onu da vurğuladı ki, banklar xərcləri optimallaşdırmaq məqsədilə cari ildə ümumilikdə 49 filialı ləğv ediblər: "Bundan başqa, banklarda xərclərin optimallaşdırılması istiqamətində fəaliyyət davam edir. Onlar işçi heyətini artırmağa müvəffəq olsalar da, filialların sayının azalması baş verib. Banklarda şəbəkələşmə prosesi dayandırılıb. Son 1 ildə bank filiallarının sayı təxminən 9 faizə qədər azalıb, 560-dan 511-ə düşüb. Bu isə o deməkdir ki, 1 il ərzində 49 bank filialı bağlanıb və ya birləşdirilib. Paralel olaraq işçilərin sayı 4,7 artıb. Rəqəmlərdən belə nəticəyə gələ bilərik ki, banklar hələ də ehtiyatlı siyasət yürüdürlər, aktiv kreditləşmədə maraqlı deyillər. Sadəcə gəlir əldə etmək məqsədi ilə məcbur qalıb kreditləşməyə gedirlər. Əks halda gəlirlərin kəskin azalması bankların bağlanmasına gətirib çıxara bilər. Devalvasiyanın yaratdığı ağrılar hələ də bankların canından çıxmayıb. Problemli banklar qalmaqdadır. Bankların bağlanması prosesi baş verə bilər, təxminən 1-2 bank bağlana bilər. Lakin bununla bağlı qərarı müvafiq dövlət qurumları verir. Həmçinin neftin qiymətinin artması fonunda bankların gəlir mənbələrinin artması da müşahidə edilə bilər. Bu mənada qəti fikir söyləmək çətindir. Ancaq bilinən odur ki, devalvasiyadan təxminən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bank sektoru hələ də onun təsirindən qurtula bilməyib".

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI