PARADOKS

AKTUAL

Hər səhnəsində əxlaq dərsi olan həyat

25-11-2016, 10:05
  •     
  • Mədəniyyət |
  •  Oxunma: 59

 Hər səhnəsində

Bismilləhir-Rahmənir-Rahim!

Artıq son günlərini yaşadığımız məhərrəm-səfər əyyamı həqiqətsevər insanların xatirəsindən silinməyən bir dönəmdir. Və yüzillərdir ki, hər il ardıcıl olaraq 2 ay müddətində İmam Hüseyni (ə) tanıyanlar, sevənlər, İmam Hüseynə (ə) məhəbbəti olan hər bir kəs bu əyyamda Kərbəla vaqiəsini xatırlayır, Peyğəmbər (s) övladının Aşura günü başına gələn müsibətləri xəyalında canlandırır, Aşuradan sonrakı günlərdə baş verənləri xatırlayır. Və bu xatırlamalar yalnızca tarixi səciyyə daşımır.

Tarixi epizod, yoxsa...?

Aşura müsibətini xatırlamaq o demək deyil ki, insan belə bir tarixi hadisənin olmasını yada salsın, təkcə belə bir böyük tarixi müsibəti yad etsin. O demək deyil ki, insan bu müsibəti xatırlayıb qəmlənsin, qəlbini kədər hissi bürüsün və bununla insan məhərrəmliyi yaşatmaqla bağlı işlərini yekunlaşdırılmış bilsin. Axı həqiqət budur ki, əgər bununla yekunlaşmaq mümkün olsaydı, bu böyük qəhrəmanlıq məktəbinin dərsləri əxz olunmamış qalardı.

Əslində İmam Hüseyn (ə) əzası yalnızca bir tarixi hadisə deyildir. Hüseyn (ə) əzasının mahiyyətində insanın bir özünütəftişi var, insanın özünəqayıdışı var. İnsanın necəliyi barədə, necə olmaqlığı barədə özünə hesabat verməsi var. İstər o zaman, istər sonrakı dövrdə, istərsə də bu gün insanın İmam Hüseynlə (ə) nə dərəcədə həmməslək olmasını, ruhiyyəsinin uyğun gəlməsini qiymətləndirməsi var məhərrəmlik əzadarlığında. "Hüseynin (ə) yaşadığı, malik olduğu, uğrunda canını fəda etdiyi dəyərlər nə qədər hakimdir insanın qəlbinə" sualının cavabı tapılır əza məclislərində.

Məhərrəm-səfər əyyamında İmam Hüseyni (ə) yad etmək ənənəsi əsrlər keçdikcə, zaman ötdükcə, insanlar müxtəlif inkişaf və tərəqqi göstəricilərinə yetişdikcə, əxlaq və mənəviyyat məsələlərinin gündəmə gəlməsi artdıqca daha da güclənir, daha da yüksəlir. Aşura fəlsəfəsini dərk etmək, Kərbəla qəhrəmanları ilə tanış olmaq mövzuları zaman keçdikcə nəinki aktuallığını itirir, hətta getdikcə daha da dərinləşir. Yaşadığımız dönəmdə də bu məsələ öz nəcib təravət və lətafəti ilə günbəgün insanların diqqətini daha çox cəlb etməkdədir.

Ümmətdən nigaranlıq

Sovet dönəmi, Azərbaycan insanı ilə onun əqidəsi arasında böyük bir fasilə yaratdı. Şükürlər olsun ki, orucluq, məhərrəmlik, Novruz kimi adacıqlar xalqımızın öz milli-mənəvi köklərindən tam qırılmasına imkan vermədi. Amma indiki dönəmdə ildə bir dəfə Aşura günündə İmam Hüseyni (ə) yad etməklə, yaxud ildə 1 ay oruc tutmaqla kifayətlənmək olmaz. Hər gün insan özünün vücudi durumu, mənəvi mahiyyəti ilə ciddi məşğul olmalı, süstlük və laqeydlikdən uzaq olmalıdır. Və bu baxımdan, islami kimliyi olan bir insanın məhərrəm-səfər əyyamının yekunlarına xüsusi diqqət yetirməsi çox əhəmiyyətlidir.
Məhərrəm-səfər əyyamının bitməsi çox kədərli tarixlərlə əlaqədardır. Bu günlərdə Böyük İslam Peyğəmbəri (s) dünyanı dəyişmişdir, İmam Həsən (ə) şəhid edilmişdir, İmam Rza (ə) şəhadətə çatmışdır. Həzrət Muhəmməd (s) bu dünyanı tərk edəndə ümmətin durumu, gələcəyi, necə olacağı, hansı vəziyyətə düşəcəyi barədə böyük narahatlıq və nigaranlıqla getdi. Və bu nigaranlıq zaman-zaman öz təsdiqini tapır - istər Həzrət Əlinin (ə) haqqının basılmasında, istər Xanım Fatiməyə (s.ə.) zülm edilməsində, istər İmam Həsənə (ə) qarşı yönələn fitnələrdə. Və Aşura günündə bu nigaranlığın kulminasiya nöqtəsi öz təzahürünü tapır.

Müsəlman adına iddialı olanlar Həzrət Peyğəmbərin (s) qoyduğu əmanətlərlə necə davrandılar? Təəssüflər olsun ki, müsəlman camiəsi Rəsuli-Əkrəmin (s) qoyduğu 2 mühüm əmanətə - Qurana və Əhli-Beytə (ə) sadiqliyini iqrar etməkdə əsasən süslük və zəiflik təzahür etdirdilər. İmamlarımız (ə) təqib olundu, şəhid edildi. Elm və iman təcəssümü olan bu müqəddəs şəxslər ümmət tərəfindən qorunmadı.

İmamətin 8-ci nuru

Səfər ayının sonuncu günündə şəhid olan 8-ci İmam Həzrət Rzanın (ə) da mübarək həyatı bu baxımdan istisna təşkil etmədi. Və o Həzrətin (ə) həyatının, imamətinin tarixinin öyrənilməsi ümumilikdə imamətin daşıyıcılarına olan münasibət barədə dolğun təsəvvür yaradır. Bu müqəddəs əmanətə qarşı törədilən zülmlər, o cümlədən, haqqı bilə-bilə, insanların nahaqq və batilə dəstək verməsi - əfsus olsun ki, ümmətin imamətə nisbətdə tutduğu tənəzzül mövqeyinin ən bariz göstəricilərindəndir. İnsanlar bildikləri, dərk etdikləri, zəmanə İmamını (ə) tanıdıqları halda, öz imtahanlarını layiqincə verə bilmədilər, İmamlarını (ə) zalım müstəbidlərin, qəsbkar və diktatorların şərindən qoruya bilmədilər.
İmam Rza (ə) hicri-qəməri təqvimi ilə 148-ci ildə, zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. 55 il ömür sürən İmam (ə), bunun 21 ilini imamət nurunun daşıyıcısı olur. Müqəddəs ata-babasının irsinə sahib olan İmam Rza (ə), öz mübarək imaməti dövründə vəziyyətə uyğun öz böyük missiyasını bəşəriyyətə çatdırmış, insanları Həzrət Peyğəmbərin (s) gətirdiyi İlahi təlimin həqiqətləri ilə tanış etmişdir.

İmam Rzanın (ə) atası 7-ci imam Həzrət Museyi-Kazım (ə), anası həzrət Nəcmiyyədir (s.ə). Azərbaycan insanına xüsusi lütf inayət olunub onunla bağlı ki, İmam Rzanın (ə) 2 bacısının - Həzrət Həkimənin (Bibi-Heybətdə) və Həzrət Rəhimənin (Nardaranda) müqəddəs hərəmləri bizim torpaqdadır. Və bu lütf müqabilində, imamət əmanətinin, bu müqəddəs imamzadə hərəmlərinin ziyarəti baxımından buradakı müsəlmanların məxsusi məsuliyyətləri də vardır.

İmam Rzanın (ə) həyatına nəzər yetirsək, günümüz üçün xüsusi fayda gətirə biləcək bir neçə mühüm cəhətə diqqət yetirməliyik. Yəni həyati tətbiqat baxımından bir neçə nümunəyə toxunacağıq ki, bunlar əxlaqi keyfiyyətlərin öyrənilib tətbiq edilməsi baxımından xeyli önəmlidir.

Müsafirə yardım

Hədislərdən birində nəql edilir ki, bir gün səfərdə olan bir adam İmam Rzanın (ə) evinə gələrək, öz müşkülünü çatdırır: "Ya İmam! Mən Sizin dostlarınızdanam. Yoxsul da deyiləm. Lakin, pulum qurtarıb. Və qayıtmaq üçün xərcim yoxdur. Əgər mənə bir qədər pul versəniz, öz şəhərimə çatandan sonra (həmin məbləği) Sizin adınızdan sədəqə verərəm" - deyə bildirdi. İmam (ə) qalxıb o biri otağa keçərək, oradan 200 dirhəm gətirir, qapının arxasından həmin insana verir və buyurur: "lBunu qəbul et və mənim tərəfimdən sədəqə verməyin də lazım deyil". O kişi getdikdən sonra, bu hadisəni müşahidə edənlər İmamdan: "Belə etdin ki, səni görməsin?" - deyə soruşurlar. İmam (ə) cavabında: "Belə etdim ki, gözü mənə sataşıb, utanmasın» - deyə buyurdu.

Çox mühüm və götürüləcək əxlaqi dərslərə toxunulub burada. Asılı olan insanın heysiyyətinin qorunması ilə bağlı müqabil tərəfin üzərinə böyük bir məsuliyyət müəyyən edir dinimiz. Ümumiyyətlə, əziz İslam Peyğəmbərinin (s) və onun pak Əhli-Beytinin (ə) həyat səhifələrində böyük bir əxlaq dərsləri oxunur. Real, praktik həyatda tətbiq üçün götürülə biləcək, istifadə oluna biləcək saysız-hesabsız müdrikliklər təqdim edilib bu səhifələrdə.

Bu mübarək hədisdə ehtiva edilən mövzu ilə günümüzdə ən çox "axsayan" məsələyə - əxlaqi keyfiyyətlərin qorunmasına toxunulur. İmam (ə) belə bir xırda məsələlərdə də diqqətli olmağın dərsini deyir. Müqabil tərəfin utanmaması üçün müvafiq şəraitin yaradılması epizodu ilə, özünü İmamın (ə) ardıcılı hesab edən insanlara hər bir vəziyyətdə Allah istəyən çıxış yolu axtarmaq təklif edilir.

Ödənişi öncədən razılaşdırmaq

İmamın (ə) mübarək həyatından nəql edilən digər məsələ də böyük nümunə yükü daşıyır və praktik tətbiqat üçün çox əhəmiyyətlidir. İmam Rzanın (ə) yaxın adamlarından olan Süleyman deyir: "Bir gün Həzrətlə (ə) evə getdik. Gördük ki, orada fəhlələr işləyirlər. Onların arasında İmamın (ə) tanımadığı kənar bir kişi də var idi. İmam (ə) buyurdu: "Bu kişi kimdir?" Dedilər: "Onu dəvət etmişik ki, bizə kömək etsin". İmam (ə) soruşdu: "Onunla müqavilə bağlayıb, muzdunu təyin etmisinizmi?". Dedilər: "Xeyr. Amma yaxşı kişidir, nə qədər versək, qəbul edib etiraz etməz". İmam (ə) bu sözlərdən çox narahat olub, buyurdu: "Həmişə sizə demişəm ki, bir nəfəri işlətməyə gətirəndə muzdunu əvvəlcədən təyin edin. Çünki muzdu təyin olunduqda və siz ona muzdundan artıq pul versəniz, o, sevinər. Yox, əgər muzdu təyin etməsəniz, onda muzdun üçqat məbləğini də ona versəniz, elə güman edər ki, muzdunu (həqiqi məbləğini) verməmisiniz"".

İnsanlararası münasibətlərdə ən çox narazılığa, qarşıdurmaya səbəb olan məsələlərdən biri məhz onunla bağlıdır ki, insanlar gündəlik həyatlarında, məişətlərində, ticarətlərində işəgötürənlə işçi arasında öncədən razılığın əhəmiyyətini ya başa düşmür, ya da riayət etmirlər. İş görüləndən sonraya saxlanılan bu danışıqlar, çox nadir hallarda ümumi həqiqi razılıqla bitir. Və bunlar, fərdi səviyyədə narazılıqlar yaratmaqla yanaşı, toplumda müəyyən mənfi ab-havanın bərqərar olunmasına da rəvac verir.

Həzrət Peyğəmbər (s) və Əhli-Beytin (ə) irsindən danışılanda, bir çox insanlar düşünürlər ki, hansısa mücərrəd mövzulardan söhbət gedir. Amma əslində bu müqəddəs şəxslərin böyüklüyü elə ondadır ki, sadə epizodlarla mühüm mətləbləri hər bir insanın həzm edə biləcəyi tərzdə çatdırırlar və hərəyə, götürə biləcəyi həcmdə məlumat təqdim edirlər. Bu müqəddəs insanlar gündəlik həyatın içində ən yüksək əxlaq nümayiş etdirə bilmək qabiliyyətini təzahür ediblər.

Qonağa ehtiram

İmam Rzanın (ə) həyatından götürülmüş digər nümunədə alimə hörmətin təzahürünü görürük. Belə ki, İmam Rzanın (ə) dönəmində Əhməd Bəzənti adlı çox tanınmış bir alim yaşayırdı. O, İmam Rza (ə) ilə müəyyən müddət məktublaşır, suallarına cavab alır və bundan sonra Həzrətin (ə) imamətinə etiqad bəsləməyə başlayır. Elə olur ki, bir zaman Əhməd Bəzəntinin müəyyən əlavə elmi sualları olur İmama (ə) və o, Həzrətə (ə) müraciətlə, bu sualları cavablandırmaq üçün heç kəsin olmadığı bir vaxtda onunla danışmaq istəyini çatdırır. İmam (ə) onun istəyini qəbul edir və hətta öz miniyini Əhməd Bəzənti üçün göndərir. Əhməd Bəzənti İmamın (ə) hüzuruna gəlir və həmin gün gecə yarısınadək İmamla (ə) söhbət etmək şərəfinə nail olur. Bu zaman o, öz suallarına cavab tapır və elmi müşküllərini həll edir. Yatmaq vaxtı çatanda İmam (ə) xidmətçisini çağırıb, buyurur: "Mənim şəxsi yatağımı gətirib, mənim yanımda yüksək məqamı olan qonaq üçün sər ki, istirahət etsin".

İmamın (ə) sözləri Əhməd Bəzəntini hala gətirir və o, öz-özünə belə düşünür: "İmamdan (ə) sonra, dünyada ən yaxşı adam - mənəm. Bu mənəm ki, İmam (ə) miniyini mənim üçün göndərdi. Bu mənəm ki, İmam (ə) öz yatağını mənim üçün göndərir ki, yatım, istirahət edim. Bu mənəm ki, İmam (ə) saatlarla mənimlə söhbət edir».

Əhməd Bəzənti öz xəyalları ilə məşğul idi ki, birdən İmam (ə) otağa qayıdıb, ona buyurur: "Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında öyünmə, qürrələnmə. Çünki, Həzrət Əli (ə) öz dəyərli səhabəsi Səsəə xəstələndikdə, onu görmək üçün saatlarla ona mehribanlıq göstərdi və bundan sonra, öyünməməsi, qürurlanmaması üçün buyurdu: "Əziz dost! Bu gördüklərini əsla özün üçün qürur vəsiləsi edərək, lmən beləyəm, mən eləyəm, İmam mənə məhəbbət göstərdi" - deyə qürurlanma. Mən bu işi dini və insani borcumu yerinə yetirmək üçün edirəm"".

Görürük ki, İmam (ə) hər mənada yüksək əxlaqi, mənəvi məqamları, xüsusi diqqəti nümayiş etdirir. Və öz biliyilə qonağının xəyalları barədə xəbər tutduqda, dərhal onu, bu tənəzzülə gətirəcək fikirlərin möhkəmlənib, durumunu təkəbbürləşdirməsindən qoruyur. Və məsələni aydınlaşdırmaq üçün möminlərin əmiri Həzrət Əlinin (ə) öz səhabəsinə qardaşcasına etdiyi nəsihəti də nəql edir.

Günümüz üçün də çox aktual olan məsələdəir. İnsan gərək ona hörmət göstərənin diqqət təzahürlərini "özünün yüksək şəxsiyyəti" ilə bağlamasın, əksinə, qarşı tərəfin qonaqpərvərliyinin, imanının, mehribanlığının nəcib təzahürü kimi qəbul etsin.

Hər zamana edilən Aşura mesajı

Diqqət etsək, görərik ki, əziz İmamlarımız (ə) həyatın hər bir səhnəsində çox gözəl bir nümunə qoymuşlar və bu misalları yad etmək, həmin əxlaqi məsələlərə sahib çıxmaq baxımından çox önəmlidir.

Yekunda İmam Rzanın (ə) şəhadət öncəsi ilə bağlı bəzi nöqtələri də qeyd edək. Şəhadətindən öncəki gecə İmam Rza (ə) cəddi Həzrət Peyğəmbəri (s) yuxuda görür. Həzrət (s) əziz nəvəsinə buyurur: "Sabah bizim yanımıza gəl..."

Məlum olduğu kimi, zalım Abbasi xəlifəsi Məmunun (lən) əmri ilə İmam Rzanı (ə) zəhərləyirlər. Həzrət (ə) zəhərləndikdən sonra evə qayıdır... Yaxınlarına tapşırıq verir: "Evin xalçalarını yığışdırın və heç kimi evə gəlməyə qoymayın... Mənim can verən zamanımdır. Mən də babam Hüseyn (ə) kimi torpaq üstündə can vermək istəyirəm..."

Axır anlarında da İmam (ə) Aşura mesajını göndərir onu sevənlərə. İmam Hüseyn (ə) məktəbini unutmamaq göndərişi, əmanətə sədaqət dəvəti var burada. Allah Təala nəsib etsin ki, biz bu göndərişləri qəbul edib yaşatmaq səadətinə nail olaq!

Allahım, Aşura səhnəsində təqdim olunan hər mənada nümunəlik, hər mənada mərdlik, şücaət, fədakarlıq, qəhrəmanlıq, şəxsiyyət, ləyaqət dərslərini mənimsəmək tofiqatını bütün iman əhlinə nəsib et!

Allahım, 12-ci İmamımız Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu tezləşdirənlərdən olmaq tofiqatını bizlərə qismət et! Amin!

XeberBiz.az


Mənbə:Musavat.com

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI