PARADOKS

AKTUAL

Prezidentlərin görüşü - daha bir diplomatik həmlə...

11-10-2017, 11:05
  •     
  • Siyasət |
  •  Oxunma: 7142


Qarabağ məsələsində növbəti hərəkətlilik, yoxsa hərəkət görüntüsü? Politoloq: “Problemin həlli yolunda ən böyük maneələrdən biri Lavrovdur...”

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri başa çatdı. Səfərin yekunu ilə bağlı verilən kasad bəyanatdan belə qənaət hasil oldu ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün tərəflərin prinsipial razılığı alınıb. Lakin prezidentlərin konkret nə vaxt və harada görüşəcəyi hələ dəqiqləşməyib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dediyinə görə, görüşün konkret tarixi və məkanı haqda sonra məlumat veriləcək.

Ancaq məlumdur ki, Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan noyabrın 24-də Brüsseldə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində keçiriləcək sammitdə iştirak edəcəklər. “Yeni Müsavat” görüşün məhz həmin tədbir çərçivəsində, həmsədrlərin iştirakı ilə reallaşa biləcəyini istisna etmir. İstənilən halda görüşün ilin sonunadək reallaşacağına olan inam böyükdür.

*****

Ancaq bu görüş Qarabağ nizamlanmasının irəli aparılması baxımından nəyi dəyişə biləcək, ilyarımdır donulu vəziyyətdə olan sülh danışıqlarına stimul verə biləcəkmi?

Əsas sual da budur. Çünki rəsmi Bakı bəyan edib ki, Azərbaycan danışıq xətrinə danışıqlarda, status-kvonun uzanmasına xidmət edən görüşlərdə iştirakda maraqlı deyil. Bu iradə prezident İlham Əliyevin ilin 9 ayının yekununa həsr olunmuş iclasda söylədiyi fikirlərlə bir daha öz təsdiqini tapır. Həmin fikri burda təkrar qeyd eləməyin yeri var.

İlham Əliyev deyib: “Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir”.

Ölkə başçısının sözlərinə görə, indi danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. “Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də, əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir”, - deyə dövlət başçısı əlavə edib

*****

Prezidentin bu sözləri faktiki surətdə işğalçı Ermənistanın ötən ilin aprel hərbi uğursuzluğundan sonra danışıqların bərpası üçün bir neçə əsassız şərt irəli sürməklə heç olmasa danışıq masası arxasında daha urvatlı mövqe qazanmaq xülyasını puç edir. Həmin şərtlərdən biri də atəşkəsin kimin birinci pozmasını müəyyən eləmək üçün təmas xəttində yeni və güclü müşahidə qurğularının yerləşdirilməsi ilə bağlı idi.

Təbii ki, Azərbaycan buna heç vaxt razılıq verə bilməzdi. Çünki əks halda bu, faktiki cəbhə xəttini legitim cəbhə xəttinə çevirməklə yanaşı, İrəvanın işğal rejimini cəzasız şəkildə davam etdirməsinə zəmin yaradardı. Məhz buna görə də Bakı haqlı olaraq belə monitorinq mexanizminin tətbiqindən öncə Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad eləməyə başlamasının əsas şərt olacağını bəyan edib.

Göründüyü kimi, Ermənistan ilyarımda bir qarış torpaq da azad eləməyib. Prezidentlərin növbəti görüşü də sülh prosesində erməni tərəfinin günahı üzündən heç bir real irəliləyişin olmadığı, dönüşün gözlənməndiyi dönəmə təsadüf edəcək. Lakin Azərbaycan prezidentinin də vurğuladığı kimi, nəticəsiz görüşlərin altını ən çox Ermənistan çəkəcək. Çünki həll olunmamış münaqişə onun daha aciz, Rusiyadan daha güclü asılılığa düşməsi deməkdir.

*****

Bəs siyasi ekspertlər bu görüş haqda nə düşünür, gözləntiləri nədir?


“Qarabağ danışıqlarında müəyyən hərəkətlilik var. Hiss olunur ki, xarici işlər nazirlərinin görüşü müsbət mənada alınıb və müəyyən nəticələr müzakirə edilib”. Bu fikri Axar.az-a politoloq Qabil Hüseynli deyib. O bildirib ki, hazırda proseslər elə gətirib ki, 5 rayonun verilməsi birmənalı şəkildə təsdiq olunarsa, Azərbaycan da hansısa kompromisə getmək məcburiyyətində qala bilər.

“İki ölkənin xarici işlər nazirlərinin görüşündə kifayət qədər ciddi nəticələr əldə olunduğunu deyə bilərik. Bundan ruhlanan Minsk Qrupunun həmsədrləri artıq prezidentlərin görüşünü hazırlamağa çalışır və iki ölkənin prezidentlərinin görüşünün keçiriləcəyi artıq istisna edilmir. Onlar həm də regiona səfər ediblər. Regiona səfər zamanı hər iki ölkə başçısı ilə görüş keçirilib və münaqişənin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək yüksək səviyyəli görüş haqqında danışıqlar aparılıb. Belə demək olar ki, stol üzərində müzakirə ediləcək sənədlər artıq xarici işlər nazirləri səviyyəsində razılaşdırılıb. Bu nöqteyi-nəzərdən prezidentlərin görüşü zamanı da ortada olan və həllini gözləyən sənədlərin müzakirə ediləcəyi gözənilir. Bu da Dağlıq Qarabağ probleminin həllində irəliyə doğru addım ola bilər. Ümumiyyətlə, baş verən prosesləri pozitiv dəyərləndirmək olar. Belə hesab edirəm ki, müəyyən çətinliklərə baxmayaraq, Azərbaycan bu məsələdə mövqeyini ortaya qoya bilib”, - deyə o qeyd edib.

Politoloq həm də ideoloqların və siyasətçilərin “Lavrov planı” adlandırdığı həll modelinə diqqət çəkib:
“Lavrov planı” Kazan şəhərində prezident İlham Əliyev və Serj Sərkisyanın 2012-ci ildə görüşü zamanı imzalanıb. Burada Rusiya xarici işlər naziri Sergey Lavrovun hər hansı əhəmiyyətli rolu olmayıb. Bu razılaşma xarici işlər nazirlərinin və prezidentlərin səyləri nəticəsində mümkün olub. “Lavrov planı”nın Azərbaycan və Ermənistan arasında əldə edilmiş digər razılaşmalardan elə də böyük fərqi yoxdur. Sadəcə, bu planda ilk dəfə olaraq 5 rayonun qaytarılması üçün prinsipial olaraq iki ölkənin prezidentləri razılıq əldə edib. Lakin aprel döyüşlərindən sonra Lavrov İrəvanla Bakı arasında müəyyən görüşlər keçirdi, problemin həllinə müəyyən cəhdlər etdi. Bu zaman 5 rayonun qaytarılmasını bir növ öz planı kimi təqdim etməyə başladı. Amma 5 rayonun qaytarılması məsələsi artıq 10 ildir ki, gündəmdədir. Bunun “Lavrov planı” adlanmasının heç bir əhəmiyyəti yoxdur".

Q.Hüseynli hesab edir ki, Lavrov indiyədək Qarabağ probleminin həlli yolunda ən ciddi maneələrdən biridir. “Bu gün də Qarabağ probleminin həlli istiqamətində görülən işlərin lazımi səviyyədə alınmaması Lavrovun bu işə maneə olan hərəkətləri ilə qırılmaz surətdə bağlıdır. Beş rayonun qaytarılması məsələsinə Azərbaycan bir şərtlə razı ola bilər ki, ermənilər Dağlıq Qarabağa keçici status verilməsi ilə bağlı öz israrlarından vaz keçsin. Bu planın həyata keçirilməsində Azərbaycan üçün ən çətin məqam Dağlıq Qarabağa ermənilərin tələb etdiyi müvəqqəti statusun verilməsi məsələsidir. Çünki Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi gələcəkdə onun statusunu daha da yüksəltmək deməkdir. Bu da Dağlıq Qarabağın gələcəkdə Azərbaycanın tərkibində qalıb-qalmayacağını sual altında qoyur. Bu nöqteyi-nəzərdən Azərbaycan bu məsələyə çox ehtiyatlı yanaşacaq və bu məsələnin həyata keçirilməsinə imkan verməyəcək”, deyə - politoloq vurğulayıb.

Onun fikrincə, hazırda Dağlıq Qarabağ probleminin həlli yolunda xarici ölkələrin də səyləri xeyli intensivləşir:
“Bu məsələyə ABŞ-ın diqqəti xüsusi əhəmiyyətə malikdir. Məsələn, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Endryu Şofer təkbaşına həm Azərbaycanın işğal altında olan bölgələrinə, həm də Azərbaycana səfər edib və oktyabrın 5-də o, separatçı rejimin başçısı Bako Saakyanla, oktyabrın 7-də isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb. ABŞ tərəfi 7 rayonun dərhal, birmənalı qaydada Azərbaycana qaytarılmasının tərəfdarıdır. Amma onlar da Dağlıq Qarabağa keçici bir status, Dağlıq Qarabağla Ermənistan arasında ”Laçın dəhlizi"nə nəzarətin ermənilərə verilməsini istəyir".

Beləliklə, əsas sual yenə açıq qalır: Qarabağ məsələsində növbəti hərəkətlilik nizamlama prosesində diplomatik həmləyə gətirəcəkmi?

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI