PARADOKS

AKTUAL

Qarabağ üçün aprel müəmması - Bakı kiminlə danışıq aparacaq?

8-01-2018, 10:05
  •     
  • Siyasət |
  •  Oxunma: 9010


Sərkisyan rejimi parlamentli idarəçiliyə keçəndən sonra da öz daxili dayaqlarını saxlamağa çalışır; Ermənistanda hakim qüvvənin reytinqi 9%-ə düşüb; politoloq: “İşğalçı ölkənin Gürcüstan və İran hesabına blokadanı yarmaq cəhdləri nəticə verməyəcək...”

İşğalçı Ermənistanda Dağlıq Qarabağ problemi üzərində qurulmuş siyasi oyunlar davam edir. Sırada ölkənin prezidentli üsul-idarədən parlamentli idarəçiliyə keçilməsidir. Apreldə baş tutacaq bu növbəti siyasi şou erməni xalqının diqqətini bir müddət də həll olunmamış Qarabağ konfliktindən, ildən-ilə artan hərbçi itkilərindən və dolanışıq dərdindən yayındırmaqla yanaşı, şübhəsiz ki, həm də “Qarabağ klanı”nın - hakim rejimin siyasi ömrünü uzatmaq niyyəti güdür. Əks halda, səlahiyyətləri bitməkdə olan indiki prezident Serj Sərkisyan apreldə ölkənin əsas şəxsi olacaq baş nazir postuna can atmazdı.

Möcüzə baş verməsə, Serj Sərkisyan, yəqin ki, istəyinə çatacaq: bu dəfə baş nazir kimi hakimiyyətini qoruyub saxlayacaq. Çünki Ermənistanın əsas yiyəsi Rusiyanın başçısı Vladimir Putinə hələlik Sərkisyan kimi sadiq qulla işləmək sərf edir. Aydındır ki, Serj Sərkisyan baş nazir kimi də Kremlin bütün tapşırıqlarını, o cümlədən Qarabağla bağlı direktivlərini can-başla yerinə yetirəcək. Başqa yol mümkün deyil.

Bəs apreldən sonra Ermənistanı Qarabağa dair sülh danışıqları prosesində kim təmsil edəcək, yenə Serj Sərksiyan, yoxsa yeni prezident və ya hansısa xüsusi nümayəndə?

Hələlik bu sual açıq qalıb və yəqin ki, apreldə cavabını tapacaq. Bir şey yəqindir ki, Sərkisyan yenə hakimiyyətdə əsas söz sahibi olaraq qalacaqsa, Bakının kiminlə danışıq aparmasının önəmi qalmayacaq. Odur ki, Qarabağ üçün aprel proqnozu qeyri-müəyyən olaraq qalır (Sərksiyanın əsas rəqibi hazırkı baş nazir Karen Karapetyan hesab edilir).

*****

Bu arada Serj Sərkisyanın reytinqinin aprel seçkisi ərəfəsi minimum həddə düşdüyü məlum olub. “Yeni Müsavat” xəbər verir ki, Ermənistandakı “Qafqaz barometri 2017" Qafqaz Təhqiqat Resursları Mərkəzinin hazırladığı hesabata əsasən, bu ölkədə Sərkisyan rejiminə total etimadsızlıq müşahidə edilir.

Qeyd edilir ki, Ermənistanda elə hakimiyyətin elə bir sahəsi, qurumu yoxdur ki, erməni cəmiyyəti ona ümid bağlasın. “Rəyi soruşulanların mütləq əksəriyyəti prezidentə, hökumətə və parlamentə inanmır. Parlamentə - hansı ki, yeni idarəçilik dönəmində əsas hakimiyyət qolu sayılacaq - etimad isə ən aşağıdır: 12%. Bu da hakimiyyət rəsmilərinin son parlament seçkilərinin legitimliyi haqda söylədiklərini şübhə altına qoyur. Serj Sərksiyanın özünün etimad reytinqi isə 9%-ə yaxınlaşır” , - deyə hesabatda qeyd olunur.

Hesabata əsasən, respondentlərin 41%-i bu qənaətdədir ki, 2017-ci il aprelin 2-də keçirilmiş parlament seçkiləri heç də “tamamilə ədalətli” olmayıb. Bu, o anlama gəlir ki, aprelin 2-də Sərksiyan hakimiyyəti ilə cəmiyyət arasında yaranmış konsensus çox kövrəkdir və ölkədə real təşəbbüs meydana gələrsə, bu konsensus yoxa çıxa bilər".

*****

Əlbəttə ki, cəmiyyətin onun haqda nə düşündüyü Sərksiyanı az maraqlandırır - o da əgər maraqlandırırsa. Çünki Ermənistan demokratik ölkə deyil və burada ictimai rəy həlledici önəm daşımır. Serj Sərkisyanı ən çox maraqlandıran sözsüz ki, Moskvanın onun haqqında düşündüyüdür. Kreml “dobro” verməzsə, şəksiz ki, Serjin aprel arzusu çin olmaz.

Bir şeyi əminliklə söyləmək olar ki, Sərksiyan yenə də Ermənistanda əsas söz sahibi olarsa, erməni xalqı düşdüyü siyasi-iqtisadi bataqlıdan və blokada şəraitindən çıxa, ilbəil artan xarici borclardan qurtula bilməyəcək. Çünki “Qarabağ klanı”nın iqtidar olduğu dönəmdə konfliktin ədalətli həlli gözlənilmir. Bu isə o deməkdir ki, işğalçı ölkənin iki əsas qonşusu - Türkiyə və Azərbaycanla əlaqələrinin normala düşməsi də istisnadır.

“Azərbaycan və Türkiyə ilə Ermənistanın münasibətləri düzəlmədikcə açıq şəkildə demək olar ki, Ermənistanın nə iqtisadiyyatında, nə də siyasətində köklü dəyişiklik olacaq”. Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistanın dövlət borclarının rekord həddə çatmasının nə ilə nəticələnəcəyini şərh edərkən deyib (Axar.az).

O bildirib ki, Ermənistandakı bu vəziyyət getdikcə dərinləşəcək: “Çünki Ermənistan hakimiyyəti tərəfindən bu vəziyyətin aradan qaldırılması üçün adekvat addımlar atılmır. Əslində, Ermənistan hakimiyyətinin birinci kvartalda başı siyasi məsələlərə qarışacaq. Çünki bildiyimiz kimi, bu ilin aprel ayında Ermənistanda prezident və baş nazir postuna yeni bir namizədin gəlməsi mümkün ola bilər. Hazırda hakim klanın daxilində bununla bağlı hazırlıqlar görülür. Baş nazir Karen Karapetyanın komandası ilə prezident Serj Sərkisyanın komandası arasında mübarizə gedir. Hətta baş nazir Karapetyan son açıqlamasında Ermənistandakı qeyri-müəyyən vəziyyətin biznesə mənfi təsir göstərdiyini demişdi”, - deyə politoloq qeyd edib.

Politoloq onu da qeyd edib ki, işğalçı Ermənistanda iqtisadiyyatla və daxili siyasətlə bağlı tədbirlər, demək olar ki, apreldən sonra müəyyən olunacaq: “Apreldə hakim komanda yenidən formalaşacaq və yeni təyin olunmuş nazirlər ölkənin yaxın 4-5 il ərzindəki iqtisadi strategiyasını müəyyənləşdirəcəklər. Bu isə vaxt itkisi deməkdir. Belə çıxır ki, 3-4 ay keçdikdən sonra onlar bu məsələləri müzakirə edəcəklər. Bu vaxt itkisi də ilin axırında mütləq iqtisadi göstəricilərdə öz mənfi əksini tapacaq”.

Ekspertə görə, Ermənistan hətta apreldən sonra hansısa mühüm qərarlar qəbul etsə belə, bu qərarların icrası müəmmalıdır. “Çünki Ermənistanda mövcud şərait dəyişilmir. Ermənistan bölgədə blokada vəziyyətində qalmağa davam edir. Ermənistanın bu blokadanı başqa yollarla yarmağa, yəni Gürcüstan və İranla müəyyən əlaqələr qurmağa çalışmasına baxmayaraq, bu cəhdlər müsbət nəticə verməyəcək. Ermənistan üçün əsas məsələ Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəldilməsi olmalıdır”, - o əlavə edib.

Necə deyərlər, “Divin canı şüşədə olduğu” kimi, Ermənistan adlı qondarma dövlətin varlıq qarantı da yalnız Türkiyə və Azərbaycanla isti münasibətlərlə bağlıdır.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI