PARADOKS

AKTUAL

İrandakı iğtişaşları bitmiş saymaq olarmı?

8-01-2018, 11:05
  •     
  • Siyasət |
  •  Oxunma: 9276


Ekspertlər məsələ ilə bağlı fərqli mövqedədirlər

Ötən ilin son günlərində İranda Məşhəd şəhərində sosial-iqtisadi şüarlarla başlayan etirazlar bir gün sonra Tehran, Şiraz, İsfahan kimi böyük şəhərlərə, o cümlədən ölkənin dini-ideoloji mərkəzi olan Quma da yayıldı.

Etirazlar Azərbaycan bölgələrində deyil, daha çox fars və kürd regionlarında genişləndi və ABŞ, eləcə də onun regiondakı müttəfiqləri tərəfindən dəstəkləndi. Heç şübhəsiz ki, Yaxın Şərqin güclü oyunçularından birinə çevrilən İranın zəiflədilməsi müəyyən qüvvələrin marağındadır. Bəzi ekspertlər hesab edirlər ki, xarici qüvvələr İranı hətta Suriyanın gününə çevirmək arzusundadırlar. Lakin artıq İrandakı bu iğtişaşlar müəyyən qədər səngiyir və yaşanan xaos aradan qalxır.

Yuxarıda da qeyd etdiyimiz kimi bu proseslərə türklər qoşulmadılar. Əksinə, İrandakı xaosun önlənməsində Azərbaycan, Türkiyə və eləcə də İrandakı böyük türkdilli kəsim - Güney Azərbaycan əhalisinin, onun öncüllərinin proseslərə təmkinli, strateji uzaqgörənliklə yanaşması böyük rol oynadı. Rəsmi Bakı və rəsmi Ankara da ilk gündən hadisələri İranın daxili işi hesab eləməklə yanaşı, xarici müdaxilənin də əleyhinə çıxdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə ABŞ və İsrail başda olmaqla, bir sıra ölkələrin İran və Pakistanın daxili işlərinə qarışmasının düzgün olmadığını bəyan etdi.

Arzu Nağıyev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Arzu Nağıyev də bildirdi ki, İrandakı iğtişaşlar xaricdən idarə olunub: “ABŞ və digər maraqlı dövlətlər embarqo vaxtı onlara müəyyən şərait yaratmışdılar ki, iqtisadi problemlərini həll etsinlər. Həmin iqtisadi problemlərin həllindən əldə edilən vəsait daxilə xərclənməli idi. Lakin buna baxmayaraq İran rejimi həmin vəsaiti fərqli istiqamətlərə - Həmasa, Hizbullaha və ümumən Qərb dünyasına nəzarət üçün istifadə etməyə başladı. Bu isə Qərbi razı sala bilməzdi. Eyni zamanda Qüds məsələsində İsrail və ABŞ-ın yürütdüyü siyasətə qarşı müəyyən əks addımlar atmışdılar. Bundan da əlavə Səudiyyə Ərəbistanı ilə onlar arasında məzhəb davası davam edir. Ona görə də Məşhəddən başlayaraq iqtisadi məsələləri qabartdılar. Milli məsələləri qabarsaydı, bu, oradakı digər millətlərə də sirayət edə bilərdi. İğtişaşların qarşısını vaxtında almaq üçün Ruhani çıxış edərək islahatlara gedəcəyi haqqında bəyanat verdi. Bu proseslərin davam etməsi inandırıcı deyil. Çünki artıq İrana xəbərdarlıq oldu ki, istənilən zaman məsələni qabarda bilərik. Əsas məsələ kimi milli münaqişə deyil, məhz iqtisadi məsələlərin qabarması oldu”.

Politoloq Mübariz Əhmədoğlu isə qəzetimizə açıqlamasında söylədi ki, Cənubi Azərbaycanda bizim liderlərimiz olduqca ağıllı və savadlı insanlardır: “Onlar problemin mahiyyətini bilir və İran hökumətinin daxilində baş verənləri doğru analiz edirlər. Belə göründü ki, İranın daxilində baş verən hadisələr sırf onların özlərinin yürütdükləri səhv siyasətin nəticəsidir. Azərbaycanlılar anladılar ki, bu, milli deyil, sosial problemdir. Belə olduğu halda isə əlavə məsələ qatmaqla sosial üsyanların qarşısını alardılar. Oradakı azərbaycanlıların yaydıqları müraciətin daha dərin qatı ondan ibarətdir ki, İranda hakimiyyət uzun müddətdir sosial iğtişaş görmür və bu ilk olduğu üçün bunu zor gücü ilə yatıracaqlar. Doğrudan da elə də oldu. Azərbaycanlılar ayağa qalxsaydı, zor gücü onlara qarşı çevriləcəkdi. İranda sosial proseslərin qaydası var. Heç zaman İran inqilabları bir addımla nəticələnməyib. Orada inqilabın özünəxas gedişləri var. Səttarxan hərəkatı, Pəhləvi rejimi dövründə baş verənlər və nəhayət, İslam inqilabını qeyd edək. İslam inqilabı olana qədər İranda 4 iri toqquşma olub. Hesab edirəm ki, sosial mövzu İranda heç zaman səngiməyəcək. Çünki orada iqtisadiyyatı tez zamanda düzəltmək mümkün deyil. Orada insanlar var ki, bank hesabında 100 milyard dollar pulu var. Başqa birisinin bank hesabında 59.4 milyard dollar vəsaiti var. Yəni ümumi iqtisadiyyat yoxdur. İran hökumətinin oradakı azərbaycanlılara münasibətinin dəyişməsinə gəlincə isə bunu da mümkün saymıram. Düşünürəm ki, İranın heç zaman milli azlıqlara münasibəti dəyişməyəcək. Çünki bu dövlət fars dövlətidir. Ona görə də orada müxtəlif milli azlıqlara qarşı münasibət aşağıdır. Hesab edirəm ki, azərbaycanlıların oradakı iğtişaşlar zamanı hansı mövqe tutmasından asılı olmayaraq Tehranın onlara qarşı münasibəti dəyişməz. Ancaq bizim oradakı liderlərin siyasi bacarıqlarının davamı varsa, İran hökuməti bu proseslərin yekununda sosial islahatlara gedən zaman camaatımızın vəziyyətini yaxşılaşdıra bilər”.

XeberBiz.az



Mənbə:musavat.com


yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI